Beynəlxalq Əmək Təşkilatı 2025-ci ilə qədər uşaq əməyinə tamamilə son qoymağa çağırıb

Posted by

Hazırda dünyada 5-17 yaşlarında 152 milyon işləyən uşaq var. Bu, 5-17 yaşlarında uşaqların onda bir hissəsi deməkdir. Onların çoxu təhlükəli əmək növləri ilə məşğuldur.

Bu məlumatlar Beynəlxalq Əmək Təşkilatının (BƏT) yeni məruzəsində öz əksini tapıb. Məruzənin müəllifləri 2025-ci ilə qədər uşaq əməyinə tamamilə son qoymağa çağırırlar.

BMT Xəbərlər Mərkəzinə istinadən BƏT ekspertləri bu hədəfə nail olmaq üçün əmək hüququ normalarını sərtləşdirməyi, uşaqlı ailələrin sosial müdafiəsinə zəmanət verməyi və pulsuz, keyfiyyətli təhsildən hamının istifadə edə bilməsini təmin etməyi tövsiyə ediblər.

BƏT ekspertləri xatırladıblar ki, uşaq əməyinin ən pis formalarına son qoyulması barədə konvensiyaya görə yaşı 18-dən aşağı olan uşaqları onların səhhətinə, həmçinin mənəvi və psixoloji vəziyyətinə ziyan vuran işlərə cəlb edilməsi qadağandır. Hədsiz yüksək və ya hədsiz aşağı temperaturda işləmək, təhlükəli kimyəvi maddələrdən istifadə edilən əmək bu cür məşğələlərə aiddir. Hazırda 5-17 yaşlı uşaqların 99,9 faizi bu mühüm müqavilənin iştirakçıları olan ölkələrdə yaşayır.

Lakin bu problemi təkcə normativ aktların köməyi ilə həll etmək mümkün deyil. BƏT-də belə hesab edirlər ki, ilk növbədə cəmiyyətin özünün uşaq əməyinə münasibətini dəyişmək lazımdır.

Bu gün dünyada 5-17 yaşlarında 152 milyon işləyən uşaq var. Bu, planetimizdə 5-17 yaşlarında olan bütün uşaqların orta hesabla onda bir hissəsi deməkdir. İşləməyə məcbur olan uşaqların sayının 2000-ci ildən sonra kəskin azalması meyili müşahidə olunurdu, lakin 2012-2016-cı illərdə bu göstərici yenidən artmağa başlayıb.

AZƏRTAC