Berlində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM), Almaniyadakı Türk-Azərbaycan Birliyi (TAVD), Berlin-Brandenburq Atatürkçü Düşüncə Dərnəyinin (ADD) təşkilatçılığı və Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə Berlində Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, AAKM-in icraçı direktoru Samira Patzer-İsmayılova Xocalı soyqırımının Almaniya ictimaiyyətində tanıdılmasına dair kecirilən tədbir və aksiyalar haqqında məlumat verib, bu günlərdə Almaniyada Xocalı Ssoyqırımı qurbanlarının xatirəsinə həsr edilən 30-a qədər tədbirin keçirildiyini bildirib. O, vurğulayıb ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət” beynəlxalq kampaniyasının ictimaiyyətə yönəldilmiş çağırışı Almaniyada da fəal həyata keçirilir.
Mühüm tədbirlərin Türk Evində türk icması ilə birgə keçirilməsinin artıq ənənə halını aldığını söyləyən Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov çıxışında Türkiyə və Azərbaycan diasporlarının Almaniyada sıx əməkdaşlığından bəhs edib. Səfir bildirib ki, son illərdə Almaniyada Azərbaycana olan münasibət dəyişib və Qarabağ problemi ilə bağlı bir sıra qətnamələr qəbul edilib.
Türkiyənin Berlindəki baş konsulu Ahmet Başar Şen Xocalı soyqırımının baş verməsinin Türkiyə və Azərbaycan xalqlarının üçün acı bir örnək olduğunu söyləyib. Onun sözlərinə görə, Azərbaycan xalqına qarşı edilən haqsızlıq Türkiyə xalqını da kədərləndirir, bu səbəbdən Türkiyə acı və üzüntüləri Azərbaycanla paylaşır.
ADD-nin sədri Olcay Başeğmez artıq 4 ildən bəri Azərbaycan diasporu ilə sıx əməkdaşlığın olduğunu və birgə anım tədbirlərinin keçirildiyini qeyd edib, 2015-ci ildə qondarma “erməni soyqırımının ildönümü”ndə gözlənilən təxribatlar haqqında danışıb.
Milli Məclisin üzvü Azay Quliyev, tarix elmləri doktoru Qasım Haciyev, yazıçı-jurnalist Səriyyə Cəfərova Türkiyə-Azərbaycan qardaşlığından danışıb, Qarabağ münaqişəsinin həllinə apara biləcək tezislərlə çıxış edib, mülahizələrini söyləyiblər.
Anım mərasimində Heydər Əliyev Fondunun hazırladığı, Qarabağın tarixinə və Qarabağ müharibəsinə həsr olunan “Xocalı qQətliamı” adlı tarixi-sənədli film nümayiş etdirilib.
Trend.az