Bakının “Xutor dairəsi”ndəki yol qovşağı kompleksinin tam istifadəyə veriləcəyi vaxt bəlli oldu
Bakıda Ziya Bünyadov prospektinin Alı Mustafayev, Hüseynbala Əliyev və Əbdülvahab Salamzadə küçələri ilə kəsişməsində – “Xutor dairəsi”ndə yerləşən yol qovşağı kompleksinin tikintisi ilə bağlı işlər bu ilin iyun-iyul aylarında başa çatdırılacaq. Bu barədə Trend-in sorğusuna cavab olaraq Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.
Onun sözlərinə görə, hazırda həmin yol qovşağı kompleksinin tikintisi işləri davam etdirilir. Yol qovşağı kompleksinə üç tunel və bir yol ötürücüsü daxildir. Birinci tunelin uzunluğu 890 metr, eni 22 metr olmaqla 4 hərəkət (2 gediş, 2 gəliş) zolağından ibarət olacaq. Birinci tunel nəqliyyat vasitələrinin 3-cü mikrorayon dairəsindən “Xutor dairəsi”nə daxil olmadan Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin (keçmiş Karl Marks dairəsi) kəsişməsi istiqamətinə maneəsiz hərəkətini təmin edəcək.
Uzunluğu 450 metr, eni 10,5 metr olan iki hərəkət zolaqlı, birgedişli ikinci tunel Ə.Salamzadə küçəsindən Z.Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsi istiqamətinə, üçüncü tunel Z.Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsindən Ə.Salamzadə küçəsinə maneəsiz hərəkəti təmin edəcək.
P.Mürsəliyev qeyd edib ki, hər iki tuneldə görülmüş işlər təxminən eyni səviyyədədir: “Tunellərin tavanında alkopanların vurulması, tirlərin rənglənməsi, təkərqaytaran blokların monolit betonla tökülməsi, drenaj sisteminin beton qapaqlarının qoyulması işləri aparılır. Bu işlər bitdikdən sonra lazım olan digər – drenajların quraşdırılması, ventilyasiya sistemi, asfalt örtüyünün vurulması və s. işlərə start veriləcək”.
Uzunluğu 832 metr, eni 10,5 metr olan iki zolaqlı üçüncü tunel Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsindən Ə.Salamzadə küçəsinə hərəkəti təmin edəcək: “Bu tuneldə hazırda nəqliyyat vasitələrinin hərəkət etdiyi 30 metrlik yer istisna olmaqla bütün qazıntı işləri başa çatdırılıb. Burada pərdələrin betonlanması, tunelin bünövrəsinin betonlanması, tunelin üstünə tirlərin qoyulması, izolyasiya, təkərqaytaran blokların monolit betonla tökülməsi işləri görülür. Bu işlər bitdikdən sonra torpaq tökülərək üstü örtüləcək. Daha sonra hərəkət dəyişdirilərək qalan 30 metr ərazidə də qazıntı işlərinə başlanılacaq”.
Yol qovşağı kompleksinə daxil olan yol ötürücü isə Ə.Salamzadə küçəsindən gələn nəqliyyat vasitələrinin Hüseynbala Əliyev və əks istiqamətdə nəqliyyat vasitələrinin hərəkətini təmin edəcək: “Uzunluğu 634 metr, eni 12 metr olan yol ötürücüsündə işlər demək olar ki, başa çatdırılıb, işıqlandırma qurulub, yol ötürücüsünün üst hissəsinə asfalt-beton örtüyü vurulub, məhəccərlər quraşdırılıb. Sadəcə olaraq, körpünün alt hissəsində işıqlandırma sisteminin quraşdırılması və rənglənmə işləri gedir”.
Qeyd edək ki, hələ 3 ay əvvəl yol kompleksindəki işlərin bu ilin I rübündə yekunlaşdırılmasının planlaşdırıldığı bildirilirdi. P.Mürsəliyev qeyd edib ki, işlərin ləngiməsinə səbəb ərazidə əlavə söküntülərin aparılması olub: “Hazırda demək olar ki, kompleks üzrə işlərin böyük hissəsi yerinə yetirilib. Bu ilin iyun-iyul aylarında yol kompleksində işlərin tamamilə yekunlaşması gözlənilir”.
Trend.az