Bakıda “Sosial xidmət müəssisələrinin işinin təşkili: Avropa standartları və Azərbaycan təcrübəsi” mövzusunda konfrans keçirilib.
Tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Zabrat qəsəbəsində yerləşən reabilitasiya və sosial sığınacaqlar kompleksində baş tutub.
Əvvəlcə konfrans iştirakçıları Dövlət Sosial Müdafiə Fondunun Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağında və Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsində yaradılan şəraitlə tanış olublar.
Nazir Səlim Müslümov bildirib ki, ölkədə çətin həyat şəraitində yaşayan insanlara dövlət tərəfindən yardım göstərilir: “Hazırda 1100 nəfərdən çox şəxsə sosial xidmət müəssisələrində stasionar şəraitdə, 11,2 min nəfər tənha ahıl və əlil şəxsə evlərində səyyar formada sosial xidmətlər göstərilir. Ölkənin bölgələrində sosial xidmətlərə ehtiyacların müəyyən olunması üçün sosial xəritələşmənin aparılması və sosial xidmət müəssisələri şəbəkəsinin, eləcə də sosial sifarişlər üzrə icra olunan sosial xidmət layihələrinin icrası işləri əsas məqsədlərdəndir”.
Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deuib ki, qurumun hər bir ölkədə əsas diqqət etdiyi məsələ sosial müdafiə sahələridir: “Azərbaycanda da bu sahədə görülən işlər çox təqdirəlayiqdir və bu işlərdə Avropa standartlarının tətbiqini yüksək qiymətləndirirəm. Düşünürəm ki, müasir cəmiyyətdə heç kim kənarda qalmamalıdır”.
BMT-nin Uşaq Fondunun Azərbaycan üzrə nümayəndəliyi Min Yuan isə Azərbaycanda uşaqların rifahının artırılması üçün investisiya qoyulmasını təklif edib: “UNİCEF və Nazirlik arasında uzun müddətli layihələr həyata keçirilir. Azərbaycanda de-institutlaşdırma prosesinin başladılması təqdirəlayiqdir. Tədqiqatlar nəticəsində məlum olub ki, instusional mərkəzlərdən icma əsaslı kömək qayğı mərkəzlərinə keçirilməsi daha yaxşıdır”.
Konfrans müzakirələrlə davam edib.