Bakıda Beynәlxalq Miqrant Gününә hәsr edilmiş tәdbir keçirilib

Posted by

Dekabrın 18-də Bakıda Beynәlxalq Miqrant Gününә hәsr edilmiş tәdbir keçirilib. Tәdbirdә Dövlәt Miqrasiya Xidmәti (DMX) rәisinin müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pәrviz Musayev, Beynәlxalq Miqrasiya Tәşkilatının (BMqT) Azәrbaycandakı nümayәndәliyinin rәhbәri Serhan Aktoprak, ombudsman Elmira Süleymanova, Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas vә digәrlәri çıxış edәrәk cәmiyyәtin diqqәtinin miqrantların problemlәrinә yönәldilmәsi vә mәlumatlandırılması baxımından Beynәlxalq Miqrant Gününün әhәmiyyәtindәn danışıblar.

Bildirilib ki, 1990-cı il dekabrın 18-dә BMT Baş Mәclisi tәrәfindәn “Bütün әmәkçi miqrantların vә onların ailә üzvlәrinin hüquqlarının müdafiәsi haqqında” Konvensiya qәbul edilib. Bu Konvensiya Azәrbaycan Respublikası Milli Mәclisinin 1998-ci il 11 dekabr tarixli qanunu ilә ratifikasiya olunub. 2000-ci ildәn etibarәn dekabrın 18-i dünyada Beynәlxalq Miqrant Günü kimi qeyd olunur.

Qeyd edilib ki, müasir dövrdə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, əməkçi miqrantların, o cümlədən qaçqınların hüquqlarının qorunması ən aktual və vacib məsələlərdən biridir. Dünyada baş verən miqrant böhranı zamanı miqrantların hüquqları pozulduğu halda, ölkəmizdə bu sahədə səmərəliliyin artırılması məqsədilə qanunvericilik bazası təkmilləşdirilir, onların müdafiəsi üçün zəruri şərait yaradılır və yerli şəraitə uyğunlaşdırılmaları üçün tədbirlər görülür.

Bildirilib ki, ötən müddət ərzində ölkəmizdə miqrasiya sahəsində görülən işlər nəticəsində miqrasiya proseslərinin vahid və çevik prosedurlar əsasında tənzimlənməsi, sənədləşmənin sadələşdirilməsi, əcnəbilərin rahatlığının təmin edilməsi istiqamətində tədbirlər daha da genişləndirilib.

Vurğulanıb ki, Azәrbaycanda miqrantların vә insan hüquqlarının müdafiәsi prioritet mәsәlәdir. Miqrantlara vә qaçqınlara yaxşı münasibәtdә Azәrbaycan dünyadakı bütün ölkәlәrә nümunә ola bilәcәk miqrasiya idarәçiliyi modeli yaradıb. Azərbaycan hələ müstəqilliyinin ilk illərindən kütləvi miqrasiya axını ilə üzləşmiş ölkədir. Çünki Ermәnistanın Azәrbaycan torpaqlarını işğal etmәsi nәticәsindә bir milyondan çox azәrbaycanlı qaçqın vә mәcburi köçkün vəziyyətinə düşüb. Doğrudur, bu insanlar Azәrbaycan dövlәtinin qayğısı ilә әhatә olunublar. İşğal edilmiş ərazilər isə hazırda terrorçuların sığınacaq yerinə, narkotiklərin qanunsuz dövriyyəsi və tranziti, silah qaçaqmalçılığı, insan, o cümlədən uşaq alveri, insan orqanlarının transplantasiyası üçün əlverişli məkana çevrilib. Təəssüf ki, BMT Təhlükəsizlik Şurasının bu işğal faktı ilə bağlı 4 qətnaməsi icra edilməmiş qalır.

Sonra Azərbaycanda miqrantların könüllü qayıdışına yardım üzrə pilot layihənin təqdimatı olub.

AZƏRTAC