Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başlayıb.
APA-nın məlumatına görə, “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda olan tədbir YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Ümumdünya Turizm Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, İSESKO-nun tərəfdaşlığı ilə keçirilir.
Bu gün Forum çərçivəsində Mədəniyyətlərarası və dinlərarası dialoq üzrə YUNESKO kafedralarının 2-ci akademik forumu və YUNESKO-nun İpək Yolu “Onlayn” Platformasının Beynəlxalq Şəbəkəsinin 3-cü toplantısı olacaq.
Sabah – mayın 5-də baş tutacaq forumun rəsmi açılışından sonra “zorakı ekstremizmin qarşısının alınması üçün vasitə kimi dialoq və universal dəyərlərə dəstək” mövzusunda plenar sessiya çərçivəsində müzakirələr aparılacaq, beynəlxalq təşkilatların yüksək səviyyədə görüşü keçiriləcək.
İştirakçılar kiberməkanda ekstremizmə qarşı mübarizə mədəni mübarizə məsələlərini, elektron resurslar vasitəsilə mədəniyyətlərarası dialoqun təşviqini, sivilizasiyalar arasında mədəni körpülərin qurulmasında parlamentarilərin rolunu müzakirə edəcəklər.
Mayın 6-da isə Ümumdünya Forumunun nazirlər görüşü, “Qızların təhsil alması vasitəsilə zorakı ekstremizmə qarşı mübarizə” mövzusunda yüksək səviyyəli görüş baş tutacaq. Ardından sessiya çərçivəsində aşağıdakı mövzular haqqında müzakirələr aparılacaq: “Sülhün yaradılması: BMT-nin fəaliyyətinin 70 ili”, “Qütbləşmə əsrində inklüziv dialoq”, “Heydər Əliyev və Azərbaycanda dinlərarası harmoniya”, “Mədəniyyətlər arasında dialoqun təşviqində şəhərlərin rolu”, “Mədəniyyətlərarası dialoq və sülh üçün idman”, “Mədəniyyətlərarası dialoq vasitəsilə dinc münasibətlərin qurulması”, “İnklüziv cəmiyyətlərin və dinc yaşayışın qurulması: ASEAN-ın perspektivləri”, “Mədəniyyətlərarası dialoq şəbəkəsi kimi Avropa Şurasının mədəniyyət marşrutları” və s.
Forumun “Qida təhlükəsizliyi və cəmiyyətin sabitliyi məsələsində mədəniyyətlərarası dialoq: davamlı inkişaf və sülhə nail olmaqda əsas elementlər” mövzusunda ikinci plenar sessiyası da keçiriləcək.
Apa.az