Bakıda Türkiyə Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib
Heydər Əliyev Mərkəzində Türkiyə Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib.
APA-nın məlumatına görə, dövlət və hökumət xadimlərinin, millət vəkillərinin, tanınmış şəxslərin iştirak etdikləri tədbir Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səslənməsi ilə başlayıb.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Bakıda Türkiyə Mədəniyyəti Günlərinin keçirilməsi hər iki ölkə üçün əlamətdar hadisədir: “Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra ilk dəfədir ki, Türkiyənin Mədəniyyət Günləri keçirilir. Bu tədbir həm də xalqlarımızın tarixi köklərinin yaxınlığı və gələcək münasibətlərimiz baxımından əhəmiyyət daşıyır. Azərbaycan və Türkiyə rəhbərləri arasında dostluq münasibətləri, ölkələrimizin birgə platformalarda iştirakı türk dünyasının güclü olduğunu sübut edir. Biz iki il əvvəl Türkiyədə mədəniyət günləri keçirdik və tədbir uğurla başa çatdı”.
Türkiyənin mədəniyyət və turizm naziri Ömər Çelik mədəniyyət günlərinin təşkilinin Türkiyə üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. O, bildirib ki,mədəniyyət günləri çərçivəsində əl işləri və fotosərgilər, folklor konserti, film və teatr nümayişi nəzərdə tutulub.
Mərasim musiqi nömrələri ilə davam edib.
Apa.az