Bakıda “Qlobal və regional hidrosiyasi problemlər beynəlxalq əməkdaşlıq və təhlükəsizlik kontekstində” adlı beynəlxalq konfrans keçirilir
Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun birgə təşkilatçılığı ilə bu gün Bakıda “Qlobal və regional hidrosiyasi problemlər beynəlxalq əməkdaşlıq və təhlükəsizlik kontekstində” mövzusunda beynəlxalq elmi-praktiki konfrans öz işinə başlayıb.
APA-nın məlumatına görə, konfransda məqsəd qlobal su çatışmazlığı probleminin aradan qaldırılması və su resurslarından səmərəli istifadənin həlli yollarının axtarılıb tapılması, su ehtiyatlarının inteqrasiya yolu ilə idarə olunması, transsərhəd su resurslarının istifadəsində və qorunmasında birgə əməkdaşlıq, sudan siyasi məqsədlərlə istifadə məsələlərinin müzakirəsidir.
Konfransa ABŞ, Kanada, İngiltərə, Türkiyə, Serbiya, Misir, Bosniya, Portuqaliya, Gürcüstan, Qazaxıstan və digər ölkələrdən olan alim-mütəxəssislər qatılıblar.
AMEA-nın vitse-prezidenti Fəxrəddin Qədirov deyib ki, planetdə əhali sayının artması ilə su ehtiyatları azalmaqdadır. Kənd təsərrüfatı və sənayenin inkişafı da yeni su ehtiyatları tələb edir: “Bu tələbdən konfransın belə qlobal problemin müzakirəsinə həsr edilməsi təsadüfi deyil. Su ehtiyatlarının inteqrasiya yolu ilə həll olunması, sudan siyasi məqsədlərlə istifadə və konflikt üçün istifadə edilməsi məsələləri də müzakirə olunacaq. Konfransda qəbul edilmiş qərar və tövsiyələrin Azərbaycan üçün də böyük əhəmiyyət daşıyacağına əminəm”.
AMEA Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov qeyd edib ki, planetimizin 2/3-si su ilə örtülüdür, ancaq planetdə suyun 2,5 faizi şirin, onun da cəmi 0,2 faizi içməli sudur: “Təsadüfi deyil ki, üçüncü dünya müharibəsi baş verərsə, bunun su ilə bağlı baş verəcəyi bildirilir”.
SAM-ın direktoru Fərhad Məmmədov deyib ki, su problemi dünyada ən aktual problemlərdən biridir, davamlı inkişaf strategiyalarında ən vacib yerlərdən birini tutur. Onun sözlərinə görə, konfransda həm regional, həm qlobal kontekstdə bu problem müzakirə olunacaq, konfrans adından müvafiq beynəlxalq təşkilatlara müraciət olunacaq.
F. Məmmədov bildirib ki, su ehtiyatlarının təqribən 70%-i transsərhəd axarlar hesabına formalaşan Azərbaycan Respublikası həmin konvensiyalara qoşulsa da, regionun digər dövlətləri həmin beynəlxalq sənədlərin bəzilərini imzalamaqdan imtina edərək, transsərhəd axarlardan istifadəyə dair müstəqil siyasət yürütməkdədirlər: “Ermənistanın Azərbaycana axan transsərhəd çayların istiqamətini dəyişdirməsi, işğal altında olan ərazilərdəki Sərsəng su anbarından mülki əhaliyə, bölgənin ekologiyasına qarşı hidrodiversiya vasitəsi kimi istifadə etməsi niyyətləri və s. məsələlərin hərbi-siyasi xarakter aldığını göstərir. Yaranmış vəziyyət isə təkcə ayrı-ayrı dövlətlərdə deyil, bütövlükdə Yer üzündə sülh və təhlükəsizliyə, o cümlədən ekoloji təhlükəsizliyə qarşı yönəldilən ciddi təhdiddir”.
Qeyd edək ki, tədbirin sonunda BMT-yə, onun ixtisaslaşdırılmış qurumlarına və Ümumdünya Su Şurasına ünvanlanmış Bakı Bəyannaməsi qəbul olunacaq.
Apa.az