Bakıda “Qaçqınların hüquqlarının müdafiəsi” mövzusunda beynəlxalq seminar keçirilir

Posted by

Avropa İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşlığı ilə Avropa İttifaqının TAİEX proqramı çərçivəsində “Qaçqınların hüquqlarının müdafiəsi” mövzusunda iki günlük beynəlxalq seminar başlayıb.

APA-nın məlumatına görə, tədbiri açan AMEA Hüquq və İnsan Haqları İnstitutunun direktoru Aytən Mustafayeva deyib ki, seminarın əsas məqsədi qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi, bu sahədə Azərbaycanda mövcud vəziyyətin təhlili, müxtəlif sahələrdə onlara dövlət dəstəyinin göstərilməsi istiqamətində təcrübə mübadiləsinin aparılmasından ibarətdir.

Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemləri, bu sahədə görülən işlərdən danışan A. Mustafayeva bildirib ki, Azərbaycanın bu sahədə təcrübəsi bu gün miqrasiya problemi ilə üzləşən Avropa üçün bir nümunədir.

Avropa İttifaqının Azərbaycandakı ofisində proqram rəhbəri Alessandro Budai bəyan edib ki, Azərbaycan geosiyasi mövqeyi ilə əlaqədar Avropa İttifaqı üçün yaxşı tərəfdaşdır: “Ümumi məqsədlərə nail olmaq üçün biz birgə işləməliyik. Miqrasiya bu sahədə mühüm istiqamətdir. Avropa İttifaqı miqrasiya ilə əlaqədar balanslaşdırılmış siyasət həyata keçirməyə çalışır. Avropa İttifaqı humanitar yardımlarla bağlı əsas donordur. 2016-cı ildə qaçqınlar və uşaq miqrantların hüquqlarını qorumaq üçün 1 milyard dollar ayırıb, onların insan alverindən qorunması üçün mühüm işlər görüb”.

Avropa İttifaqı və Türkiyə arasında miqrasiya axınının tənzimlənməsi ilə əlaqədar əldə olunan razılaşmanı xatırladan A. Budai qaçqınlara münasibətdə insan hüquqlarına hörmətin əsas götürülməli olduğunu vurğulayıb: “İnanıram ki, bu tədbirdə də qaçqınların həyatlarını yüngülləşdirmək istiqamətində fikirlərimizi bildirəcəyik”.

Seminarın aparıcısı, Almaniyanın Braunşviq İnzibati Məhkəməsinin sədri Volfqanq Barç Azərbaycanın uğurla inkişaf etdiyini söyləyib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil idarəsinin sektor müdiri Nazim İsgəndərov Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində görülən işlərdən danışıb.

Apa.az