Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzi rəhbərliyinin növbəti toplantısı keçirilib
Bu gün Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) İdarə Heyətinin VI Beynəlxalq toplantısı keçirilib.
Trend-in Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, toplantıda Mərkəzin İdarə Heyətinin üzvləri – Vayra Vike-Frayberqa, İsmail Serageldin, Tarja Halonen, Petar Stoyanov, Giuli Alasania, Valter Fyust, Farida Allagahi, Ahmed Nasem Şah, Nazim İbrahimov və Elmar Vəliyev iştirak edib.
Toplantıda Mərkəzin gördüyü işlər haqqında hesabat dinlənilib, təşkilatın qeydiyyatı, büdcəsi, nizamnaməsi, strukturu, eləcə də Nizamin Gəncəvi irsinin təbliği, həyata keçiriləcək layihələr, qarşıda duran vəzifələr, qurumun gələcək fəaliyyət istiqamətləri ilə bağlı İsmayıl Serageldinin hazırladığı Akademik proqram layihəsi müzakirə edilib. Toplantı iştirakçıları eyni zamandaAzərbaycan Prezidenti İlham Əliyevlə görüş barədə təəssüratlarını bölüşüblər.
İclası giriş sözü ilə açan NGBM-in həmsədri, Madrid Klubunun prezidenti, Latviyanın keçmiş ölkə başçısı Vayra Vike-Frayberqa Mərkəzin yaradılığı 2 il ərzində görülmüş işlərdən danışıb, həyata keçiriləcək tədbirlər planının hazırlanmasının vacibliyini, Nizami Gəncəvi irsinin mümkün imkanlar daxilində müxtəlif dillərə tərcümə edilərək təbliğ olunmasının zəruriliyini bildirib. V.Frayberqa bu məsələdə Prezident İlham Əliyevin diqqəti və qayğısının onları ilhamladırdığını xüsusi vurğulayıb və ölkə başçısı ilə görüşdə müzakirə edlimiş məsələlərdən də bəhs edib. V.Frayberqanın sözlərinə görə, Prezident İlham Əliyev Nizami Mərkəzinin fəaliyyətinin, əməkdaşlıq etdiyi təşkilatlarla gələcəkdə də əlaqələrini davam etdirməsinin tərəfdarı olduğunu bildirib.
NGBM-nin İdarə Heyətinin üzvü, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri, Nazim İbrahimov toplantı iştirakçılarını yenidən Bakıda görməkdən məmnun olduğunu bildirib və Mərkəzlə bağlı ideyalar irəli sürərək, onların iqısa müddətdə reallaşmasında böyük rol oynayan təşkilatın həmsədrləri V.Frayberqaya və İ.Serageldinə təşəkkür edib. N.İbrahimov da V.Frayqberqanın fikirlərini dəstəkləyərək, Prezident İlham Əliyevin diqqətinin daim mərkəzin üzrəində olmasının təşkilatın üzvlərini ruhlandırdığını bildirib.
NGBM-nin İdarə Heyətinin üzvü, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev isə ötən müddət ərzində Gəncədə Prezident İlham Əliyevin iştirakı ilə Nizami muzeyinin açılmasından bəhs edib. İcra başçısı Mərkəzin şəhərdə inşa edilən binasının tikintisinin gələn ilədək yekunlaşdırılacağını, növbəti toplantının orada keçiriləcəyinə ümid etdiyini deyib.
Daha sonra NGBM-nin həmsədri, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin Akademik proqram layihəsini təqdim edib. Proqramda kadr, büdcə, fəaliyyət planı, İdarə Heyətinin alt komitələrinin yaradılması, növbəti 3 il üçün öhdəliklərin həyata keçirilməsi, Nizami irsinin təbliği, Mərkəzin işinin keyfiyyətinə zəmanət verməsi üçün Akademik Şuranın yaradılması, NGBM üçün internet saytın yaradılması kimi müddəalar proqramda əks olunub.
Müzakirələr zamanı Nizami Gəncəvinin orta və ali məktəblərdə tədrisi, Nizami irsinin bütün dünyada, eləcə də qərbdə təbliği əsərlərinin müxtəlif dillərə tərcümə olunmasının zərurliyi vurğulanıb. Toplantıda İdarə Heyətinə yeni üzvlərin seçilməsi məsələləri də müzakirə edilib.
Proqramın müzakirəsinin növbəti toplantılar zamanı davam etdirilməsi qərara alınıb.
Trend.az