Bakıda keçiriləcək AŞ Daimi Komitəsinin iclasının vaxtı açıqlanıb
“Biz Avropa Şurası ilə əməkdaşlığımızı ən yüksək səviyyədə qururuq və həm Avropa Şurasının Parlament Assambleyası, həm də Avropa Şurasının Nazirlər Komitəsi ilə Azərbaycanın münasibətləri normal, işgüzar və hər iki tərəfi qane edən səviyyədədir”. Trend-in məlumatına görə, bunu Milli Məclisin üzvü, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov jurnalistlərə deyib.
S.Seyidov bildirib ki, gələn il may ayının sonunda Azərbaycanda AŞ Daimi Komitəsinin iclası keçirilməlidir ki, iyun ayından sədrlik Azərbaycana keçsin. Hazırda AŞ-yə sədrlik Avstriyadadır və onun sədrliyi iyun ayına qədər davam edəcək.
Onun sözlərinə görə, Azərbaycanın sədrliyi çərçivəsində müxtəlif proritetləri var: “Sizi əmin edə bilərəm ki, bu proritetlər həm Azərbaycanın, həm Avropanın üst-üstə düşən dəyərləri əsasında formalaşdırılır. Proritetlər haqqında tam açıq deyə bilmirəm, çünki işlər gedir. Bu proritetlər Avropa Şurası ilə Azərbaycanın müzakirə edəcəyi və gündəmə çıxardığı proritetlər olacaq”.