Bakıda GUAM Parlament Assambleyasının IX sessiyası keçirilib
Dekabrın 15-də Azərbaycan Respublikası Milli Məclisində GUAM Parlament Assambleyasının (PA) IX sessiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, sessiyanı GUAM Parlament Assambleyasının sədri, Milli Məclisin GUAM PA-da nümayəndə heyətinin rəhbəri Azər Kərimli açıb. A.Kərimli əminliklə bildirib ki, Bakı toplantısında qəbul olunacaq qərarlar GUAM regionunda aparılan əməkdaşlığın daha da inkişaf etdirilməsinə, sülhün və təhlükəsizliyin möhkəmlənməsinə öz töhfəsini verəcək.
Tədbirdə çıxış edən Milli Məclis sədrinin müavini Valeh Ələsgərov GUAM-ın nüfuzunun ildən-ilə artdığını söyləyib. O, əminliyini bildirib ki, IX sessiyada aparılan fikir mübadiləsi, qəbul ediləcək qərarlar təşkilatın qarşısında dayanan vəzifələrin yerinə yetirilməsinə kömək edəcək. GUAM Parlament Assambleyasının toplantısının Azərbaycanda artıq ikinci dəfədir keçirildiyini deyən V.Ələsgərov bildirib ki, bu geniştərkibli toplantı təşkilatın beynəlxalq aləmdə nüfuzunun getdikcə artmasının göstəricisidir.
Milli Məclis sədrinin müavini müasir dünyada parlament diplomatiyasının əhəmiyyətinin və rolunun getdikcə artdığını vurğulayıb. O, parlamentlərarası əməkdaşlığın keyfiyyətcə yeni mərhələsi olan parlament diplomatiyasının ənənəvi diplomatiya mexanizmlərini tamamlayaraq zənginləşdirdiyini, dövlətlər arasında mövcud olan məsələlərin həllinə, sivilizasiyalar arasında dialoq üçün maneələrin aradan qaldırılmasına səmərəli töhfə verdiyini deyib. “Azərbaycan Respublikasının Milli Məclisi olaraq biz bu baxımdan GUAM Parlament Assambleyasının əhəmiyyətini yaxşı başa düşürük və təşkilatın fəaliyyətinə bundan sonra da lazımi dəstəyi verməyə hazırıq”, – deyə V.Ələsgərov qeyd edib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə iştirakçılara məlumat verən Milli Məclis sədrinin müavini bildirib ki, bu münaqişənin indiyədək həll edilməməsi həm bölgədə həyata keçirilən inteqrasiya proseslərinə mane olur, həm də beynəlxalq sülh və təhlükəsizliyi təhdid edir. O deyib ki, GUAM dövlətlərinin başçıları və xarici işlər nazirləri bütün beynəlxalq tədbirlərdə vahid mövqedən çıxış edir, ölkələrimizin ərazisində məlum münaqişələrlə bağlı müxtəlif təşəbbüslər irəli sürürlər. “Dövlət başçılarımız dəfələrlə bəyan ediblər ki, GUAM dövlətlərinin ərazisində münaqişələr yalnız ölkələrimizin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq miqyasda tanınmış sərhədlərinin toxunulmazlığına riayət edilməsi əsasında həll oluna bilər. Bu vəzifənin GUAM çərçivəsində əməkdaşlığın üstün hədəflərindən biri olduğu davamlı şəkildə ifadə edilir. Əminik ki, göstərilən səylər öz nəticəsini verəcək və bütün münaqişələr hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normaları və prinsipləri əsasında tez bir zamanda həll ediləcək”, – deyə o bildirib.
Sonra çıxış edən Azər Kərimli Azərbaycanın GUAM PA-ya sədrliyi barədə söhbət açıb. Bildirib ki, sədrlik dövründə təşkilatın fəaliyyətinin genişləndirilməsi ilə bağlı Azərbaycan tərəfi səylərini davam etdirib. Assambleyanın hədəflərindən biri kimi beynəlxalq əməkdaşlığın gücləndirilməsi çərçivəsində regional və beynəlxalq parlament təşkilatları ilə münasibətlərin möhkəmləndirilməsi səyləri Azərbaycanın sədrliyi ilə davam etdirilib. O deyib: “İl ərzində müxtəlif beynəlxalq forumlardakı fəal iştirakımız, xarici tərəfdaşlarla apardığımız fikir mübadilələri və nəhayət, nüfuzlu qurumların Bakı sessiyasına qatılması onu deməyə əsas verir ki, GUAM Parlament Assambleyası öz beynəlxalq fəaliyyətini bundan sonra da genişləndirmək əzmindədir. GUAM PA-nın gündəliyində duran mədəniyyət məsələsi də bu il diqqət mərkəzində olub. Belə ki, bu ilin may ayında Ukraynada təşkil edilmiş beynəlxalq incəsənət festivalında GUAM-a üzv dövlətlər də təmsil olunub. Azərbaycan dünyada artıq sülh və əməkdaşlıq modeli kimi tanınır. Belə bir müsbət imicin formalaşmasında ölkə rəhbərliyinin praqmatik xarici siyasəti müstəsna rol oynayır. Respublikada bir çox sahələrdə müşahidə olunan inkişaf, demokratik islahatların davam etdirilməsi, dövlətimizin ümumi strateji inkişaf kursunun prioritet xətt kimi nəzərdən keçirilməsi Azərbaycanı qlobal əhəmiyyətli tədbirlərin mərkəzinə çevirib. Azərbaycan nəinki yerləşdiyi regionun, həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rola malikdir”.
Sessiyada çıxış edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov GUAM-ın üzv ölkələrin əməkdaşlığı üçün vacib platformaya çevrildiyini vurğulayıb. Nazir qeyd edib ki, GUAM təşkilatı üzv ölkələrin ərazisində münaqişələrin həlli məsələsində səylərin birləşdirilməsi üçün vacib rol oynayır. Belə ki, GUAM-a üzv ölkələr – Ukrayna, Gürcüstan, Azərbaycan və Moldova oxşar problemlərlə üzləşiblər.
GUAM-ın nüfuzunun gündən-günə artdığını deyən nazir bu məsələdə əməkdaşlığın effektiv olacağını bildirib. Qeyd edib ki, üzv dövlətlər əlaqələri gücləndirmək üçün ilk növbədə müstəqillik və suverenliyini möhkəmləndirməlidir, məruz qaldığı işğal faktından qurtulmalıdır. GUAM-a üzv olan dörd ölkə demək olar ki, oxşar problemlərdən əziyyət çəkir. Bunun üçün də əməkdaşlıq daha da gücləndirilməlidir. Bütün bunlar GUAM-a üzv ölkələrin inkişafına və əhalisinin firavan həyatının təmin olunmasına gətirib çıxaracaq.
Nazir deyib: “GUAM-a üzv olan dövlətlərin ərazi bütövlüyünün pozulması ilə bağlı Azərbaycanın müvafiq bəyanatları mövcuddur. Biz beynəlxalq hüququn tələblərinə uyğun olaraq ərazi bütövlüyü çərçivəsində ölkələrin sərhədlərini tanıyırıq. Bu istiqamətdə səylərimizi davam etdirəcəyik. Azərbaycan bu mövqeyi həm Gürcüstan, həm də Ukrayna ilə bağlı bəyan edib. Bu prinsipə qarşılıqlı olaraq GUAM-ın üzvü olan dörd dövlət hər zaman əməl etməlidir. Biz bu məsələləri beynəlxalq tədbirlərdə də qaldıracağıq. Bu, real siyasətdir”.
Elmar Məmmədyarov GUAM üzvlərinin BMT Baş Assambleyasında həlli uzanan münaqişələr üzrə qətnamə layihəsinin irəli sürülməsi ilə bağlı səyləri artırmasının vacibliyinə diqqət çəkib. Qeyd edib ki, ölkələrin təhlükəsizliyinin və suverenliyinin təmin olunması, beynəlxalq səviyyədə tanınan sərhədlər çərçivəsində ərazi bütövlüyünün bərpası, həmçinin enerji təhlükəsizliyi, beynəlxalq nəqliyyat dəhlizi və multikulturalizm məsələləri böyük əhəmiyyət kəsb edir. Eyni zamanda, iqtisadi və regional təhlükəsizlik məsələlərinə də xüsusi əhəmiyyət verməliyik. BMT Baş Assambleyasının münaqişələrlə bağlı xüsusi bəndi mövcuddur. Ona görə də biz hər zaman BMT-də üzləşdiyimiz münaqişələrlə bağlı həmin bəndə istinad edib məsələ qaldırırıq. Çünki GUAM-a üzv olan ölkələrin hər birində ərazi bütövlüyünü təhdid edən münaqişələr mövcuddur. Biz sərhədlərin və ərazi bütövlüyünün pozulması, qaçqın problemləri ilə üzləşmişik. Bununla bağlı birgə bəyanat vermişik. Bu kimi məsələlərlə bağlı GUAM-a üzv dövlətlərin birgə addımları çox önəmlidir.
Daha sonra çıxış edən GUAM-ın baş katibi Altay Əfəndiyev bildirib ki, GUAM getdikcə daha cəlbedici təşkilata çevrilib. O, GUAM ərazisində mövcud olan münaqişələrin həlli istiqamətində səylərin birləşdirilməsinin və müasir dünyada ölkələrin üzləşdikləri təhlükələrin qarşısının alınmasının vacibliyini vurğulayıb.
“GUAM regional təşkilat olaraq siyasi platformaya malikdir və bu təşkilat çərçivəsində üzv ölkələr bir çox məsələlərdə, xüsusilə də digər ölkələr tərəfindən üzv ölkələrin ərazilərinin işğal olunması faktı ilə bağlı vahid mövqedən çıxış etməlidirlər”, – deyə A.Əfəndiyev əlavə edib.
Sonra GUAM PA-da Gürcüstan parlament nümayəndə heyətini təmsil edən Kaxaber Kutçava, Moldova parlament nümayəndə heyətinin rəhbəri vəzifəsini icra edən Anatolie Zaqorodniy, Ukrayna Ali Radası nümayəndə heyətinin rəhbəri Anatoli Matviyenko, Baltik Assambleyasının prezidenti Yanis Vutsans, Çexiya parlamenti Deputatlar Palatası sədrinin müavini Voytex Filip, Polşa Seyminin xarici əlaqələr komitəsinin sədr müavini Malqojata Qasievska, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının baş katibi Asəf Hacıyev, TürkPA-nın baş katibi Jandos Asanov GUAM Parlament Assambleyası çərçivəsində həyata keçirilməsi vacib olan məsələləri diqqətə çatdırıblar. Bildirilib ki, GUAM PA siyasi və iqtisadi sahələrdə problemlərin həlli üçün əlavə platforma rolunu oynayır və bu platformadan səmərəli şəkildə istifadə olunmalıdır.
Nahar fasiləsindən sonra sessiyada Milli Məclisin deputatları Qüdrət Həsənquliyevin, Əli Məsimlinin və millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin “Parlamentlərarası əməkdaşlıq regional təhlükəsizliyin möhkəmləndirilməsində vasitə kimi”, “Regionda nəqliyyat layihələrinin reallaşdırılmasında GUAM-a üzv dövlətlərin parlamentlərinin rolu”, “Multikulturalizm zamanın zəruri inkişaf meyli kimi: parlament ölçüsü” mövzularında məruzələri dinlənilib, bu mövzularda müzakirələr aparılıb. Müzakirələrin sonunda yekun sənədlər qəbul olunub.
AZƏRTAC