Bakıda “Erməni soyqırımı” real tarix, yaxud tarixin yalanı” mövzusunda konfrans keçirilib

Posted by

Aprelin 24-də Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində “Erməni soyqırımı” real tarix, yaxud tarixin yalanı” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Mərkəzin foyesində quraşdırılmış fotostendlə və Komissiya tərəfindən nəşr edilən əyani vəsaitlərlə tanış olublar.

Sonra XX əsrin əvvəllərindən etibarən Anadoluda, Cənubi və Şimali Azərbaycanda və dünyanın digər yerlərində ermənilər tərəfindən soyqırımına məruz qalmış türk-müsəlmanların və hər iki ölkə şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov konfransın məqsədi, müzakirə olunacaq məsələlər barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən keçirilən konfransın məqsədi qondarma “erməni soyqırımı” ilə bağlı əsassız iddiaların tarixi və elmi faktlar əsasında təhlili və əsl niyyətinin üzə çıxarılması, əslində soyqırımına ermənilərin deyil, türk-müsəlman əhalisinin məruz qaldığını sübut edən mənbələr əsasında elmi araşdırmaların nəticələrinin diqqətə çatdırılmasından ibarətdir. Həmçinin ermənilər tərəfindən XX əsrin əvvəllərindən etibarən Anadoluda, Cənubi və Şimali Azərbaycanda və dünyanın digər yerlərində türk-müsəlman əhaliyə qarşı törədilən terror, soyqırımı, etnik təmizləmə və vandalizm kimi cinayət əməllərinin Dağlıq Qarabağ münaqişəsi kontekstində sistemli təhlilinin aparılması və bu faktların beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasıdır.

Türkiyənin “Tələt Paşa” Komitəsinin sədri, ehtiyatda olan general-leytenant Ali Erdinç “1915-ci il aprelin 24-də həqiqətdə nə baş vermişdir? Erməni yalanlarına cavab və bu sahədə Azərbaycan–Türkiyə əlaqələrinin önəmi” mövzusunda məruzə ilə çıxış edərək rəhbərlik etdiyi qurumun 17 ildir fəaliyyət göstərdiyini vurğulayıb. Qeyd edib ki, komitənin məqsədi əsassız erməni iddialarını ortaya çıxarmaq, Türkiyə və Azərbaycanın ərazi bütövlüyü, milli təhlükəsizliyi uğrunda əsl həqiqətləri dünyaya çatdırmaqdır. Qeyri-hökumət təşkilatlarının fəaliyyətinin hər bir ölkədə çox mühüm önəm daşıdığını vurğulayan A.Erdinç ermənilərin xalqlarımıza qarşı törətdikləri soyqırımlarının araşdırılmasında və dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında Azərbaycan, Türkiyə və Özbəkistanın müvafiq ictimai təşkilatlarının təşəbbüsü ilə yeni bir QHT hərəkatının başlandığını diqqətə çatdırıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Milli Məclisin deputatı, Dövlət Komissiyasının üzvü, akademik İsa Həbibbəyli çıxışında ermənilərin hər il aprelin 24-nü özlərinin soyqırımına məruz qaldıqları gün kimi bütün dünyada qeyd edirlər. Ermənilərin bu əsassız iddialarının ifşa edilməsində, onların Anadoluda, Azərbaycanda törətdikləri soyqırımları ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında istər Türkiyədə, istərsə də ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə aparılan geniş ideoloji və təbliğati işin müsbət bəhrə verdiyini vurğulayan İ.Həbibbəyli qeyd edib ki, bu, hücum taktikasının uğurlarının göstəriciləridir. Akademik ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımlarının araşdırılması və dünyaya çatdırılmasında AMEA-nın bir neçə institutunun təşəbbüsü ilə sanballı elmi əsərlərin hazırlanaraq müxtəlif dillərə tərcümə olunmasının, konfransların və seminarların keçirilməsinin önəmini diqqətə çatdırıb. Ermənilərin tarixboyu Qafqazda sülhü, sabitliyi pozduqlarını, müxtəlif cinayətlər, qətliamlar törətdiklərini, böyük dövlətlərin əlaltısı kimi onların çirkin niyyətlərinin icraçısı olduqlarını vurğulayan İ.Həbibbəyli onların bu əməllərini bu gün də davam etdirdiklərini vurğulayıb.

Moldova Respublikasının keçmiş ombudsmanı Aureliya Qriqoriu “Erməni icmalarının bir sıra dövlətlərin müasir siyasətinə təsiri” mövzusunda məruzəsində bildirib ki, bu beynəlxalq konfransın erməni yalanlarını ifşa etmək baxımından mühüm əhəmiyyəti var. “Mövzu yalnız Azərbaycan və Türkiyə üçün deyil, dünya üçün aktualdır”, – deyən A.Qriqoriu Ermənistanın monoetnik ölkə olduğunu, orada faşizmin dövlət səviyyəsində dəstəkləndiyini qeyd edib. Ermənistanın işğalçılıq siyasətini davam etdirdiyini bildirən sabiq ombudsman bu ölkədə irqçiliyin təbliğ olunduğunu söyləyib. O, erməni terrorunun azərbaycanlılara və türklərə qarşı dünyada geniş yayıldığını vurğulayıb. “Bu cür konfransların təşkili həqiqəti nümayiş etdirmək, həmçinin erməni yalanlarını ifşa etmək baxımından müstəsna əhəmiyyətinə malikdir”, – deyən Aureliya Qriqoriu erməni icmalarının başqa dövlətlərin müasir siyasətinə təsir etmək üçün öz çirkin və məkrli siyasətlərindən istifadə etmələri barədə çoxsaylı faktları sadalayıb. Vurğulayıb ki, erməni millətçilərinin məqsədi və ideyaları terrorçuluğu təbliğ etməkdir. Aureliya Qriqoriu Azərbaycanda həyata keçirilən multikultural siyasətin dövlət səviyyəsində dəstəklənməsindən də danışıb.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa “Erməni soyqırımı”nın ideya müəllifləri və onların mənsub olduqları dövlətlərin kəsişən maraqları” mövzusunda çıxış edərək erməni soyqırımı iddialarının tarixi barədə məlumat verib. O, bu əsassız iddiaların şişirdilərək yayılmasında ermənilərdən öz məqsədləri naminə istifadə edən böyük dövlətlərin payı olduğunu vurğulayaraq bir sıra faktları diqqətə çatdırıb. “Qondarma “erməni soyqırımı” iddialarının yayılmasında maraqlı olan həmin qüvvələr təəssüf ki, ölkələrimizə qarşı çirkin niyyətlərini bu gün də həyata keçirməyə çalışırlar”, – deyən N.Mustafa bildirib ki, bunun qarşısını almaq üçün tarixçilərimiz birgə çalışaraq sanballı elmi əsərlər ortaya qoymalıdırlar.

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı Araz Qurbanov “Qondarma “erməni soyqırımı”nın ifşası, yeni fəaliyyət strategiyası tələb edir” adlı məruzəsində Prezident İlham Əliyevin tapşırığı ilə erməni təbliğatına qarşı cavab taktikası deyil, hücum taktikasından istifadə olunması nəticəsində bu istiqamətdə mühüm dönüş yarandığını vurğulayıb. Qeyd edib ki, 1915-1919-cu illərdə ermənilərin soyqırımlarına təkcə türklər və azərbaycanlılar deyil, bu ərazidə yaşayan digər xalqların nümayəndələri, o cümlədən yəhudilər, kürdlər, talışlar, eləcə də müsəlman ermənilər və digər azsaylı xalqlar da məruz qalıblar. Bütün bu soyqırımları ilə bağlı faktlar ermənilərin törətdikləri qanlı əməllərin dünyaya çatdırılması istiqamətində hazırlanan əsərlərdə geniş şəkildə əksini tapmalıdır. Təbliğat işlərində qondarma “erməni soyqırımı”nı dəstəkləyən dövlətlərin əsl siyasi məqsədləri də geniş ifşa olunmalıdır.

AMEA-nın Şərqşünaslıq İnstitutunun professoru, tarix elmlər doktoru Solmaz Rüstəmova-Tohidi “1918-ci ilin mart qırğınları erməni xadimlərinin təqdimatında” mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, Bakının erməni əhalisi mart qırğınını böyük qələbə kimi qeyd edirdilər. Lakin şəhərin yəhudi və rus əhalisinin ciddi etirazlarından sonra ermənilər mart qırğınının onların özlərinə qarşı törədildiyini iddia etməyə başladılar. Kütləvi qətliamların miqyası, insan tələfatı böyük olduğu üçün ermənilər onu vətəndaş müharibəsi kimi qələmə verməyə çalışdılar. Lakin Nəriman Nərimanovun və digər vətənpərvər azərbaycanlıların səyləri nəticəsində mart soyqırımına milli qırğın kimi qiymət verildi. Bu qırğınla bağlı həqiqətlərin araşdırılmasında Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının rolu çox böyük əhəmiyyət daşıyır.

Solmaz Rüstəmova-Tohidi ulu öndər Heydər Əliyevin 1998-ci ildə 31 mart – Azərbaycanlıların soyqırımı ilə bağlı mühüm əhəmiyyət kəsb edən Fərmanı imzalamasının ölkəmizdə bu qətliama dövlət səviyyəsində verilən hüquqi-siyasi qiymət olduğunu diqqətə çatdırıb. O, hər il 21 aprel tarixinin Türkiyədə dinc müsəlmanların soyqırımı günü kimi qeyd olunması ilə bağlı Tələt Paşa Komitəsinin təklifinin dəstəklənməsinin önəmini vurğulayıb.

Hüquq elmləri doktoru professor Namiq Əliyev ermənilərin çirkin niyyətləri, onların törətdikləri qətliamlar ilə əlaqədar arxivlərdə hələ açılmamış xeyli sayda tarixi sənədin olduğunu bildirib. O deyib ki, belə sənədlərdən biri 1827-ci ildə Tiflis hərbi qubernatorunun Osmanlı imperiyasının təbəəsi olan erməni tacirin xahişi ilə bağlı yuxarı instansiyalara məruzəsidir. Məruzədə Rusiya vətəndaşlığına keçmək istəyən erməni tacirin Türkiyədə sahib olduğu imtiyazlarla təmin ediləcəyi təqdirdə Rusiyanın maraqları naminə türklərə qarşı hər cür fəaliyyətdə iştirak etməyə hazır olması əksini tapıb. N.Əliyev ermənilərin çirkin niyyətlərinin ifşası baxımından belə sənədlərin üzə çıxarılaraq müxtəlif dillərə tərcümə edilib yayılmasının vacibliyini vurğulayıb.

Tələt Paşa Komitəsinin üzvü dosent Ömər Lütfi Taşçıoğlu “Ermənilər tərəfindən Anadoluda törədilmiş soyqırımları” mövzusunda məruzəsində bildirib ki, Osmanlının güclü olduğu illərdə dövlətə sadiq qalan ermənilər imperiyanın zəiflədiyi dövrdə üsyanlar qaldıraraq qanlı qırğınlar törədiblər. Birinci Dünya müharibəsində şərq cəbhəsində döyüşən Osmanlı ordusunda xidmət edən ermənilər rus ordusunun tərəfinə keçərək türklərə qarşı vuruşmağa başlayıblar. Rus ordusuna qoşula bilməyənlər isə silahlı dəstələr təşkil edərək dinc əhaliyə qarşı misli görünməmiş qətliamlar törədiblər. Ömər Lütfi Taşçıoğlu ermənilərin Anadoluda törətdikləri qəliamları tarixi faktlar əsasında konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Özbəkistanlı alim-tədqiqatçı tarix elmləri üzrə fəlsəfə doktoru Şuhrat Barlas Salamov “Türküstan və Cənub Qafqaz XIX-XX əsrlərdə, Daşnaklar – Fərqanədən Qarabağadək” mövzusunda məruzəsində Azərbaycan torpaqlarının zəbt olunması faktina diqqəti cəlb edərək bildirib ki, bu gün bütün dünya ictimaiyyətinin BMT-nin üzvü olan suveren dövlətin ərazisinin 20 faizinin işğalı ilə bağlı qəbul edilən qətnamələrin tələblərinin yerinə yetirilməməsinə göz yumması hiddət doğurur.

Ermənilərin Anadolu və Azərbaycan ilə yanaşı, Özbəkistanda da qanlı qırğınlar törətdiklərini vurğulayan Şuhrat Barlas Salamov qondarma “erməni soyqırımı” iddiaları ilə əlaqədar beynəlxalq ictimaiyyətin ikili standartlardan yanaşdığını vurğulayaraq deyib: “Mən “Daşnaksütun” partiyasının terrorçu təşkilat olduğunu söylədiyim üçün ermənilər tərəfindən məhkəməyə verildim. Lakin ermənilərin törətdikləri soyqırımları ilə bağlı arxivlərdə, o cümlədən Azərbaycan Respublikasında kifayət qədər qiymətli tarixi sənədlər var. Buna görə də biz bu sənədlərin dünyaya çatdırılması, onlara hüquqi qiymət verilməsi baxımından birgə hərəkət etməliyik”.

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı Cavid Vəliyev “Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi və qondarma “erməni soyqırımı” amili” mövzusunda məruzəsində bildirib ki, sərhədlərin açılması ilə əlaqədar Türkiyənin əsas tələbləri Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, qondarma “erməni soyqırımı” və Türkiyəyə ərazi iddialarına son qoyulması olsa da, Ermənistan hakimiyyəti Türkiyəyə iddiaları bu gün də rəsmi şəkildə davam etdirir. Müxtəlif dövrlərdə sərhədlərin açılması ilə bağlı Qərb dövlətlərinin Türkiyəyə ciddi təzyiq göstərdiyini vurğulayan C.Vəliyev bu prosesin tarixi barədə ətraflı məlumat verib.

İrlandiyalı gənc tədqiqatçı Şon Patrik Smit “Ermənilər tərəfindən Azərbaycanda törədilmiş soyqırımları və Xocalı” mövzusunda çıxışında ermənilərin 1970-ci illərdə qondarma “erməni soyqırımı” iddialarını gündəmə gətirərək Avropada xidmət edən türkiyəli deputatlara qarşı sui-qəsdlər törətməyə başladıqlarını vurğulayıb. İrlandiyalı alim ermənilərin Anadoluda, tarixi torpaqlarımızda törətdikləri soyqırımları barədə faktların üzə çıxarılması və yayılması istiqamətində son dövrdə Azərbaycan dövləti tərəfindən görülən işlərin əhəmiyyətini xüsusi qeyd edib.

Məruzələrdən sonra mövzu ətrafında aparılan müzakirələrdə ermənilərin törətdikləri soyqırımları ilə bağlı dünya ictimaiyyətinin məlumatlandırılmasında belə konfransların əhəmiyyəti yüksək qiymətləndirilib. Bu baxımdan qeyri-hökumət təşkilatlarının, “beyin mərkəzləri”nin vahid mövqedən çıxış etməsinin, gənc alimlərin həvəsləndirilməsinin və dəstəklənməsinin vacibliyi diqqətə çatdırılıb.

Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri İsmayıl Axundov səmərəli müzakirələrin aparıldığı konfransda səslənən məruzələrin vahid bir nəşrdə toplanılaraq müxtəlif dillərə tərcümə edilib yayılacağını vurğulayıb.

Bununla da “Erməni soyqırımı” real tarix, yaxud tarixin yalanı” mövzusunda beynəlxalq elmi-praktik konfrans işini başa çatdırıb.

AZƏRTAC