Bakıda “Dağlıq Qarabağ münaqişəsi, özəyi, sülhməramlılıq və vətəndaş cəmiyyətinin rolu” mövzusunda beynəlxalq konfrans başlayıb.
APA-nın məlumatına görə, Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin Siyasi araşdırmalar, analitik təhlil sektorunun müdiri Fuad Axundov Azərbaycan ərazisinin 20 faizinin işğal olunduğunu xatırladaraq bildirib ki, torpaqların işğaldan azad edilməsinin vaxtı çatıb: “Erməni xalqı müdrik xalqdır. İnternetdə yayılan informasiyalardan da görürük ki, artıq onlar rasional mövqe ortaya qoymağa başlayıblar. Bu gün bu tədbirdə erməni fəalları iştirak edirlər. Mən onlara xüsusi təşəkkür edirəm”.
Rusiya prezidenti yanında İctimai Palatanın üzvü, “Qafqaz siyasəti” portalının baş redaktoru Maksim Şevçenko Dağlıq Qarabağ münaqişəsinin yalnız Rusiya-Türkiyə-İran formatının fəal inkişafı ilə həll edilə biləcəyini vurğulayıb.
Xocalı soyqırımına toxunan erməni publisist və ictimai xadim Vahe Avetyan qeyd edib ki, soyqırım faktı bir xalq üçün çox rüsvayçı bir faktdır: “Mən 2016-cı ildə Bakıda olarkən Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etdim. Yəqin ki, bu, Ermənistanda birmənalı qarşılanmadı. Bir çox erməni ictimai xadim və sadə insanlar məni dəstəkləyir. Lakin ermənilərin öz fikirlərini açıq ifadə etmələri üçün onları 25 il əvvəl yaşadıqları konslagerlərdən azad etmək lazımdır. Ermənistanda bir sözə görə adamı şikəst edə və öldürə bilərlər. 20 ildən çox davam edən münaqişədən sonra ilk dəfə Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş abidəni ziyarət etdik. Mənim gəlişimin məqsədi odur ki, Ermənistan prezidenti Serj Sarkisyanın yaratdığı qatil erməni stereotipi yox olsun. Mən tarixçi deyiləm, yazıçıyam. Xalqların düşmənçiliyini bir kənara qoyub, yeni bir səhifə açmaq lazımdır”.
Tədqiqatçı, əslən Dağlıq Qarabağdan olan erməni əsilli Ukrayna vətəndaşı Artur Ağacanov əsrlər boyu Dağlıq Qarabağ torpağının müxtəlif müharibə və münaqişələr meydanı olaraq qaldığını söyləyib: “Qarabağ həm də qədim Qafqaz Albaniyasının bir hissəsi olub. Bu qədim dövlətin özünün xüsusi mədəniyyəti, tarixi, memarlığı, xristian dünyasının ən qədim kilsələrindən biri olan Alban Avtokefal Kilsəsi olub. Lakin hazırda bu qədim irs ya məhv edilir, ya da erməni mədəniyyəti və tarixi kimi qələmə verilir. Artıq iki əsrdir ki, Türkiyə, İran və Yaxın Şərqdən olan erməni köçkünləri (hay xalqının nümayəndələri) qədim Qarabağ torpaqlarını özününküləşdirir. Bu dövrdə Eçmiadzin kilsəsinin dəstəyi ilə qədim Alman Avtokefal Kilsəsi ləğv edilib. Gandzasar, Amaras (Ağ oğlan) və Alban kilsəsinin digər patriarx taxtlarının ləğv edilməsi nəticəsində Qarabağda, eləcə də Cənubi Qafqazda olan çoxsaylı xalqlar, onların mədəniyyəti, məbədləri, kitabları və irsi Eçmiadzin erməni kilsəsinin əlinə keçdi. Bu xalqların bir hissəsi – qıpçaq türkləri, udin, aysor, tat, kürd və digərləri erməni qriqorianlığını qəbul ediblər. Lakin onların erməni xalqına və Eçmiadzinə heç bir aidiyyəti yox idi. Bu xalqlar zor gücünə erməniləşdirilib. Qarabağın Azərbaycanın ayrılmaz hissəsi və qədim Qafqaz Albaniyasının tarixinin, xristian mədəniyyətinin bir hissəsi olduğunu dilə gətirən hər kəs həyatı üçün təhlükə ilə üzləşib. Lakin biz həqiqəti deməkdən çəkinməməli və mübarizə aparmalıyıq. Alban Avtokefal Kilsəsinin bərpa edilməsi yolunda mübarizəyə öz töhfəmizi verməyə hazırıq. Biz Azərbaycanda Alban kilsəsinin və məbədlərdə ibadətin bərpası xəbərini sevinclə qarşıladıq. Yaxın gələcəkdə biz bu məqsədlə Qarabağın taleyi və tarixinə biganə olmayan insanların da qatıla biləcəyi bir təşkilat yaradacağıq”.
Apa.az