Bakıda binada baş vermiş yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının ilk iclası olub

Posted by

Bakıda binada baş vermiş yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının ilk iclası olubAbid Şərifov: “Komissiya bu gündən binanın mənzillərində yanmış əmlakın dəyərini müəyyənləşdirəcək və kompensasiya ödəniləcək”

Bakıda binada baş vermiş yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının ilk iclası olub

Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla əlaqədar Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılan Dövlət Komissiyasının mayın 19-da ilk iclası keçirilib.

 

APA-nın “Azərtac”a istinadən verdiyi məlumata görə, bu barədə baş nazirin müavini, Dövlət Komissiyasının sədri Abid Şərifov məlumat verib.

 

A. Şərifov deyib ki, ilk iclasda bir neçə məsələyə baxılıb.

 

“Son məlumatlara əsasən, hadisə zamanı 14 nəfər dünyasını dəyişib. Onlardan səkkizi qadın, altısı kişi, o cümlədən beşi uşaqdır. Ambulatoriyalara və xəstəxanalara müraciət edənlərin sayı 51 nəfər olub. Onlardan 19 nəfəri hələlik xəstəxanalardadır. Həmin 19 nəfərdən 18-nin vəziyyəti normal, birinin vəziyyəti isə orta ağırdır. Səhiyyə Nazirliyinə tapşırılıb ki, xəsarət alanların müalicəsi məsələsinə ciddi nəzarət olunsun.

 

Cənab prezidentin tapşırığına əsasən birinci növbədə binanın sakinlərinin yerləşdirilməsinə başlanılıb. Orada xüsusi qərargah işləyir. Biz birinci növbədə sakinləri yerləşdirmək üçün dövlət obyektlərini müəyyənləşdirdik. Komissiyanın ilk iclasında artıq 56 mənzil müəyyənləşdirilib və nəqliyyat da ayrılıb. Evləri bərpa olunana qədər həmin mənzillərdə onların bütün yaşayış şəraiti dövlət hesabına təmin olunacaq. Bizim müəyyənləşdirdiyimiz mənzillərə köçmək istəməyənlərə vəsait veriləcək ki, kirayədə qalsınlar.

 

Dünyasını dəyişənlərin bütün dəfn xərcləri cənab prezidentin göstərişinə əsasən, dövlət tərəfindən ödəniləcək. Artıq bu barədə Bakı Şəhər İcra Hakimiyyətinə, Binəqədi Rayon İcra Hakimiyyətinə və Maliyyə Nazirliyinə tapşırıq verilib. Bundan əlavə, xəstəxanalarda müalicə alanlara da yardım göstəriləcək. Komissiya mayın 20-dən binanın mənzillərində yanmış əmlakın dəyərini müəyyənləşdirəcək və kompensasiya ödəniləcək.

 

Artıq hadisə ilə bağlı cinayət işi açılıb. Günahkarlar ciddi cəzalandırılacaq. Əlbəttə ilk növbədə bizim vəzifəmiz insanların yerləşdirilməsi, onlara lazımi köməyin göstərilməsidir. Bu istiqamətdə ciddi iş aparılır”, – deyə A. Şərifov vurğulayıb.

 

Apa.az