Bakıda beynəlxalq ekspertlərin iştirakı ilə “Həbsxana idarəçiliyi” mövzusunda müzakirələr aparılıb
Avropa Şurasının (AŞ) Azərbaycan ilə bağlı “2014-2016-cı illər üzrə Fəaliyyət Planı” çərçivəsində beynəlxalq ekspertlərin iştirakı ilə Bakıda keçirilən toplantı noyabrın 5-də “Həbsxana idarəçiliyi” mövzusunda aparılan müzakirələrlə işini davam etdirib.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildiriblər ki, tədbirdə Ədliyyə Nazirliyinin, Penitensiar Xidmətin və tabeli qurumların məsul əməkdaşları, eləcə də qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Xidmətin rəis müavini, ədliyyə general-mayoru Nizaməddin Cəlilov çıxış edərək Azərbaycanın Avropa Şurası ilə 2001-ci ildən başlanan ilk təmaslarından ötən dövr ərzində AŞ və onun struktur qurumları ilə əməkdaşlıq münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini bildirib. O, avropalı ekspertlərin iştirakı ilə həyata keçirilən genişmiqyaslı islahatlardan danışaraq bu ilin mayında təqdimatı keçirilmiş Avropa Şurasının Azərbaycan ilə bağlı “2014-2016-cı illər üzrə Fəaliyyət Planı”nın xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
AŞ-nin İnsan Hüquqları və Qanunun Aliliyi Direktorluğunun Cinayət Hüququ Əməkdaşlığı İdarəsinin rəhbəri xanım Tanja Rakusic-Hadzic Fəaliyyət Planının Avropa Şurası ilə Azərbaycan Respublikası arasında gələcək strateji prioritetləri müəyyən edən mühüm sənəd kimi qiymətləndirərək tədbirin keçirilməsi üçün yaradılan şəraitə görə minnətdarlığını bildirib.
Tədbirdə həbsxana idarəetməsinə dair Avropa Şurasının standartları, təqsirləndirilən şəxslərin, ömürlük və uzun müddətə azadlıqdan məhrum edilmiş məhkumların saxlanma şəraiti, şərti və vaxtından əvvəl azad etmə institutu, həssas məhkum qrupları üçün rejim, cəzaçəkmə müəssisələrinin şəxsi heyətinin idarə olunması, pis rəftara qarşı təminatlar və müstəqil monitorinq mövzuları ilə bağlı məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb.
İştirakçılar tərəfdaş beynəlxalq təşkilatların dəstəyi ilə “2014-2016-cı illər üzrə Fəaliyyət Planı”nın icrasına nail olunacağına əminliklərini bildiriblər.
AzərTac.az