Bakıda “Ali səviyyədə görüş” adlı toplantı keçirilir
Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşəbbüsü ilə İsgəndəriyyə Kitabxanası, Roma Klubu, Dünya Elm və Mədəniyyət Akademiyası, Xarici Əlaqələr Şurası, Beynəlxalq Əməkdaşlıq və Dialoq Mərkəzi, Sülh və Mədəniyyət Fondu, Qlobal Etiks təşkilatı rəhbərlərinin iştirakı ilə “Ali səviyyədə görüş” adlı toplantısı öz işinə başlayıb. APA-nın məlumatına görə, tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib ki, bu kimi toplantıların mütəmadi keçirilməsi gələn il Bakıda təşkil olunacaq II Cənubi Qafqaz Forumunun daha geniş miqyaslı keçirilməsinə hazırlıqdır.
N. İbrahimov deyib ki, bu toplantının keçirilməsində məqsəd “Birgə Cəmiyyətlər Forumu 2014”ə hazırlıq, 2015-ci il Minillik İnkişaf Proqramı, dini azlıqlar, qadınların cəmiyyətdə aktivliyinin artırılması, qlobal inkişafın yeni paradiqması, mədəniyyətlərarası və dinlərarası dialoq kimi mühüm əhəmiyyət kəsb edən problemlərin müzakirə edilməsidir.
Toplantıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri – prezident Vaira Vike-Freiberga (Latviyanın sabiq prezidenti), doktor İsmail Seragəldin (İsgəndəriyyə Kitabxanasının direktoru) və mərkəzin İdarə Heyətinin üzvləri – prezident Tarya Halonen (Finlandiyanın sabiq prezidenti), Valter Fust (UNESCO-İTU Brodband komissarı), Madrid Klubunun prezidenti Vim Kok (Hollandiyanın sabiq baş naziri) və vitse-prezidentlər Jennifer M. Shipley (Yeni Zelandiyanın sabiq baş naziri), prezident Jorge Quiroga (Boliviyanın sabiq prezidenti) və hər iki qurumun digər üzvləri, o cümlədən tərəfdaş qurumlar – CGDC sədri, prezident Peter Stoyanov (Bolqarıstanın sabiq prezidenti), Dünya Elmlər və Mədəniyyət Akademiyasının prezidenti Dr. İvo Slaus, Gürcüstan Universitetinin həmsədri, xanım Giuli Alasaniya və digər tanınmış simalar iştirak edirlər.
Toplantı çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun İdarə Heyətlərinin iclasının keçirilməsi planlaşdırılır. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə reallaşdırılan ali toplantı silsiləvi xarakter daşıyacaq. “Birgə Cəmiyyətlər Forumu 2014” layihəsi çərçivəsində Brisbon (Avstraliya), Afina (Yunanıstan), İsgəndəriyyə (Misir) və Madriddə (İspaniya) toplantılar keçirilməsi nəzərdə tutulur.
Forum sentyabrın 6-dək davam edəcək.