Bakı-Novorossiysk boru kəməri üzrə Azərbaycan neftinin nəqlinin yeni tarifi açıqlanıb
Yeni şərtlərə əsasən, Bakı-Novorossiysk boru kəməri üzrə Azərbaycan neftinin nəqli tarifi 1 tona görə 16 dolları ötür. Bunu Trend-ə Azərbaycan Respublikası Dövlət Neft Şirkətindəki (ARDNŞ) mənbə bildirib.
2014-cü ilin fevral ayında boru kəməri üzrə neftin nəqli dayandırılmışdı. Bu yaxınlarda isə Bakı-Novorossiysk boru kəməri vasitəsilə neft nəqlinin bərpa edilməsi üzrə uzunmüddətli danışıqlardan sonra ARDNŞ ilə Rusiyanın “Transneft” şirkəti arasında qarşılıqlı faydalı kommersiya şərtləri əsasında yeni 1 illik müqavilə imzalandı.
Əvvəlki sazişə əsasən, Bakı-Novorossiysk boru kəməri üzrə nəqlin tarifi 1 tona görə 15,67 dollar təşkil edib. Mənbə qeyd edib ki, şimal istiqamətində neft nəqlinin yeni tarifi 16 dollardan bir az artıqdır.
Qeyd edək ki, ARDNŞ 2008-ci ildən etibarən Bakı-Novorossiysk boru kəmərinin operatorudur. Boru kəmərinin uzunluğu 1147 kilometrdir.
ARDNŞ 2013-cü ildə Bakı-Novorossiysk şimal boru kəməri üzrə 1,75 milyon ton neft ixrac edib. 2012-ci ildə isə bu göstərici 2,06 milyon ton olub.
Trend.az