Bakı Ali Neft Məktəbinin iki tələbəsi Böyük Britaniyaya göndərildi
Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi ixtisasının 3-cü kurs tələbəsi Aidə Soltanova və Kimya mühəndisliyi ixtisasının 3-cü kurs tələbəsi Kamran Əliyev Böyük Britaniyanın nüfuzlu Heriot-Vatt Universitetinin Edinburq kampusunda 1(bir) semestr müddətində öz ixtisasları üzrə təhsil alacaqlar. Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə bildiriblər ki, Bakı Ali Neft Məktəbində hər iki tələbənin valideynlərinin də iştirakı ilə tədbir keçirildi. Tədbirdə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirdi ki, tələbələrin Heriot-Vatt Universitetinə təhsil almağa göndərilməsi Bakı Ali Neft Məktəbində düzgün qurulmuş beynəlxalq əməkdaşlıq sayəsində əldə olunub.
Belə ki, Aidə Soltanova və Kamran Əliyev Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə BANM arasında əməkdaşlıq müqaviləsi çərçivəsində oxumağa göndərilirlər. Elmar Qasımov dedi ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin təhsil sahəsinə ayırdığı xüsusi diqqət və qayğısı, eyni zamanda dövlətimiz tərəfindən aparılan siyasət nəticəsində bu işlər BANM-də düzgün və ardıcıl siyasətin davamı kimi həyata keçirilir və gənclər üçün yeni üfüqlər açır. O bildirdi ki, bir semestr orada oxuduqdan sonra, təhsillərini başa çatdırmaq məqsədi ilə tələbələr Bakı Ali Neft Məktəbinə qayıdacaqlar. Elmar Qasımov vurğuladı ki, bu imkan tələbələr üçün böyük beynəlxalq təcrübə, həmçinin motivasiya olacaq. Tələbələrə getdikləri ölkənin tarixi, çoğrafiyası, mədəniyyəti, adət-ənənələrini də öyrənməyin zəruriliyini deyən Elmar Qasımov bildirdi ki, yarandığı qısa dövr ərzində ilk dəfədir ki, Ali Məktəb tərəfindən tələbələr xarici ölkəyə oxumağa göndərilir. Bundan sonra o, BANM-in tələbələrinin hər il müxtəlif ixtisaslar üzrə təhsil almağa göndəriləcəyini bildirdi və dedi ki, bu ənənəvi olaraq davam etdiriləcək. Rektor tələbələrin yüksək təhsil və bilik göstərməklə yanaşı, həm də orada təmsil etdikləri Ali Məktəbin adını və Azərbaycanın bayrağını hər zaman yüksəkdə tutacaqlarından əminliyini bildirdi.
Tələbələr Aidə Soltanova və Kamran Əliyev çıxış edərək, həm rektor Elmar Qasımova, həm də BANM-in professor-müəllim heyətinə öz minnətdarlıqlarını bildirdilər. Onlar bu uğurun qazanılmasında BANM-in müasir biliklərə malik savadlı müəllimlərinin böyük xidməti olduğunu dedilər. Hər iki tələbə getdikləri ölkədə BANM-ni və Azərbaycanı yüksək səviyyədə təmsil edəcəklərinə söz verdilər.
Tələbələrin valideynləri də Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizin təhsilə qayğısından söz açdılar, həmçinin yaradılan bu imkana görə ARDNŞ-ın prezidenti Rövnəq Abdullayevə və BANM-in rektoru Elmar Qasımova, o cümlədən BANM-in professor-müəllim heyətinə öz minnətdarlıqlarını bildirdilər.
Qeyd edək ki, Böyük Britaniyanın Heriot-Vatt Universitetində təhsil almaq üçün seçilən tələbələr BANM-də təşkil olunan ingilis dilində hazırlıq proqramında iştirak edərək biliklərini təkmilləşdiriblər və imtahandan müvəffəqiyyətlə keçiblər. Tələbələr Heriot-Vatt Universitetində oxuduqları müddətdə Böyük Britaniyanın təhsil mühiti və tədris proqramları ilə daha yaxından tanış olaraq, nəzəri və praktik biliklərini daha da genişləndirəcək və dünyagörüşlərini artıracaqlar. Tələbələrin beynəlxalq nəqliyyat, eləcə də Heriot-Vatt Universitetində qaldıqları müddətdə yaşayış və təhsil xərcləri Bakı Ali Neft Məktəbi tərəfindən ödəniləcək. Tələbələrə bir semestr boyu BANM tərəfindən aylıq vəsait də ödəniləcək. Tələbələr mayın 22-nə qədər Böyük Britaniyada olacaqlar.
Trend.az