Bahar Muradovanın başçılıq etdiyi nümayəndə heyəti AŞPA-nın seçki kampaniyası ilə bağlı müzakirələrinə qatılacaq
İyunun 4-5-də Parisdə “Azad seçki hüququnun həyata keçirilməsi: seçki qanunvericiliyinin tətbiqində çağırışlar və Avropa Şurası standartlarına əməl edilməsi” mövzusunda parlament konfransı keçiriləcək.
Azərbaycan parlamentindən APA-ya verilən məlumata görə, konfransda Milli Məclis sədrinin müavini Bahar Muradovanın başçılıq etdiyi parlament nümayəndə heyəti iştirak edəcək.
Nümayəndə heyətinə deputatlardan Azay Quliyev, Asim Mollazadə və Sahibə Qafarova daxildirlər. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) təşkilatçılığı ilə keçiriləcək bu iclasda seçki kampaniyaları və inzibati resurslardan istifadə, seçki siyahılarında qeyri-dəqiqliklər və xaricdə yaşayan vətəndaşların səsverməsində çətinliklər, seçki komissiyalarının fəaliyyəti və digər mövzularda fikir mübadiləsi aparılacaq. Konfransda Milli Məclisin deputatları çıxış edəcək, müzakirə olunacaq məsələlərə münasibət bildirəcəklər.
Apa.az