Bahar Muradova: “Kim dövlətə və onun maraqlarına xəyanət edirsə, biz onu bağışlamayacağıq”

Posted by

Bahar Muradova: “Kim dövlətə və onun maraqlarına xəyanət edirsə, biz onu bağışlamayacağıq”Bahar Muradova: “Kim dövlətə və onun maraqlarına xəyanət edirsə, biz onu bağışlamayacağıq”

Bahar Muradova: “Kim dövlətə və onun maraqlarına xəyanət edirsə, biz onu bağışlamayacağıq”

“Əgər həbsdə olan 3-5 nəfərlə onların tərəfdaşlığı bitirsə, biz də öz işimizi bilməliyik”

 

Bakı. Musa Əhmədov – APA. “Azərbaycana qarşı yönələn təzyiqlər müəyyən hədəflərə yönəlib”.

 

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında vitse-spiker Bahar Muradova deyib.

 

Onun sözlərinə görə, Azərbaycan kimi müstəqil siyasi iradəsi, mövqeyi olan ölkələrin olması bəzi insanlar üçün məhdudiyyətlər yaradır: “Avropa Parlamentinin rəhbəri Martin Şults və digərlərinin açıqlamalarında diqqət çəkən məqam odur ki, hər kəs təəssüflə bildirir ki, onların Azərbaycanda bir nəfər də azadlıqda tərəfdaşı qalmayıb. Onlara demək istəyirəm ki, sizin Azərbaycanda tərəfdaşlarınız yalnız Leyla Yunus və ya onun kimi digər məqsədlərə xidmət edən 3-5 nəfərdir? Yoxsa, bütövlükdə Azərbaycan? Biz tərəfdaş kimi Şultsu yox, Avropa İttifaqını, quruma daxil olan dövlətləri görürük. Biz öz tərəfdaşlıq öhdəliklərimizə sadiq qalırıq. Amma Azərbaycan deyəndə, onların marağına xidmət edən 3-5 nəfər göz önünə gəlirsə, biz bunu ədalətli tərəfdaşlıq hesab etmirik. Tövsiyəm və xahişim odur ki, onlar tərəfdaşlıq anlayışlarına nəzər yetirsinlər. Həqiqətən Azərbaycanı tərəfdaş qismində görürlərsə, ona uyğun hərəkət etsinlər. Əgər həbsdə olan 3-5 nəfərlə onların tərəfdaşlığı bitirsə, biz də öz işimizi bilməliyik. Həm onlara, həm də onların “tərəfdaş”larına mövqeyimizi açıq şəkildə ortaya qoymalıyıq”.

 

B. Muradova əlavə edib ki, Azərbaycanda heç kimə təzyiq olunmur. “Azərbaycanda hər kəs qanun qarşısında bərabər cavabdehlik daşıyır. Hər kəs də törətdiyi əmələ görə məsuliyyət daşımalıdır. Ən böyük cinayəti törətmək dövlətə xəyanət, onun maraqlarını satmaqdır. Kim dövlətə və onun maraqlarına xəyanət edirsə, biz onu bağışlamayacağıq. Bunu Avropa dəyərlərinə xəyanət hesab edib, bizə belə münasibət bəsləyənlərin mövqeyi açıqdır və bizim də mövqeyimiz ona açıqdır”, – deyə B. Muradova vurğulayıb.

 

Vitse-spiker qeyd edib ki, Azərbaycan parlamenti bu mövqeyində ardıcıl olmalıdır: “Avropa İttifaqı və onun müvafiq qurumları ilə əlaqələrimizə də dövlətin, millətin maraqları baxımından yanaşmalıyıq. Müstəqil siyasi iradə sahibi olan bir ölkə kimi sona qədər öz mövqeyimizi açıq şəkildə ifadə etməliyik. Bizdəki bəzi şəxslərin həbsi ilə bağlı manipulyasiyalara cavab olaraq deyirəm ki, hüquq-mühafizə orqanları və aidiyyəti qurumlar, insan hüquqlarını qoruyan təşkilatlar və ayrı-ayrı şəxslər qanunun aliliyi, ədalət prinsipini rəhbər tutaraq öz mövqelərini bildirməlidirlər. Hesabatlar tərtib edərkən və münasibət bildirərkən dövlətin və xalqın maraqlarını nəzərə almalıdırlar. Həqiqətən də ağır bir dövrdə yaşayırıq. Hesab edirəm ki, gözü çıxan qardaşlarımızın vəziyyəti bizə dərs olmalıdır. Ona görə də heç bir məsələdə ölkə daxilində və xaricində mövqeyimizi, ayıq sayıqlığımızı zəiflədə bilmərik. Azərbaycan qanunları hər zaman üstün tutulub və Azərbaycanın qazandığı uğurlar da məhz qanunların hər kəsə eyni şəkildə, bərabər məsuliyyət şəklində tətbiqindən keçir və bu şəkildə də yaşamalıyıq. Kimlərinsə mənafeləri bizi tutduğumuz mövqedən yayındırmamalıdır”.

 

APA.az