Bahar Muradova: Azərbaycan dövləti uşaqların hüquqlarının qorunmasına xüsusi diqqət və qayğı ilə yanaşır
Dekabrın 15-də Azərbaycan Respublikasının Milli Məclisi UNICEF-in Azərbaycan nümayəndəliyi ilə birgə “Uşaqlar üçün effektiv qanunvericilik: Milli Məclis-UNICEF əməkdaşlığı” mövzusunda tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanda uşaq hüquqlarının müdafiəsi, eləcə də UNICEF ilə əməkdaşlığın perspektivlərinin müzakirə olunduğu tədbirdə Milli Məclisin deputatları, qeyri-hökumət təşkilatlarının, ictimai birliklərin nümayəndələri, qaçqın və məcburi köçkün, əlilliyi olan uşaqlar iştirak ediblər.
Milli Məclisin sədr müavini, insan hüquqları komitəsinin sədri Bahar Muradova tədbirin əlamətdar dövrə təsadüf etdiyini, BMT-nin Uşaq Fondu olan UNICEF-in 70 illiyi ərəfəsində keçirildiyini bildirib və yubiley münasibətilə təbriklərini çatdırıb.
Bahar Muradova qeyd edib ki, UNICEF öz fəaliyyətində uşaq hüquqlarının aliliyi prinsipini rəhbər tutur. Bu gün bütün dünyada uşaq hüquqlarının təmin edilməsi və müdafiəsi ilə əlaqədar təqdirəlayiq işlər görülür. Azərbaycanda da bu sahədə zəruri addımlar atılır. Dövlətimiz cəmiyyətin gələcəyi olan uşaqların hüquqlarının qorunmasına xüsusi diqqət və qayğı ilə yanaşır. Azərbaycan uşaq hüquqlarının müdafiəsi sahəsində öhdəlikləri yerinə yetirir. Parlamentdə uşaq hüquqlarının cəmiyyətdə reallaşması istiqamətində vacib qanunlar qəbul olunur. Ölkəmizdə uşaq hüquqlarına hörmətlə yanaşılır, onların sağlamlığı, təhsili, təhlükəsizliyinin təmin edilməsi üçün əhəmiyyətli işlər görülür. Bahar Muradova yuvenal ədliyyə ilə bağlı qanunun qəbulu, əlil uşaqların reabilitasiyası, qaçqın və məcburi köçkün ailələrində böyüyən uşaqların üzləşdiyi problemlərin həlli istiqamətində atılan addımların əhəmiyyətli olduğunu deyib. Milli Məclis sədrinin müavini qeyd edib ki, ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə uşaqların xoşbəxt böyüməsi və firavan yaşaması üçün dövlət səviyyəsində mühüm layihələr həyata keçirilib və bu gün də Prezident İlham Əliyevin rəhbərliyi ilə bu işlər uğurla davam etdirilir.
Diqqətə çatdırılıb ki, Azərbaycanla UNICEF arasında sıx əlaqələr mövcuddur. Milli Məclis bu qurumla səmərəli əməkdaşlıq edir. Ölkəmiz müstəqilliyin ilk illərindən bu təşkilatla əməkdaşlığa başlayıb və birgə fəaliyyət proqramı üzərində işləyib. Azərbaycan UNICEF-in fəaliyyətini tənzimləyən beynəlxalq proqramlara qoşulub. Şübhəsiz ki, uşaqların beynəlxalq müdafiəsində UNICEF müstəsna əhəmiyyətə malikdir. Bu baxımdan, Azərbaycanın da həmin təşkilatla birgə səmərəli işləməsi özünün uğurlu nəticəsini göstərir.
UNICEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin çıxışında Azərbaycanın bu təşkilat ilə uğurlu əməkdaşlığından bəhs edib. O, uşaq hüquqlarının müdafiəsi sahəsində ölkəmizdə görülən tədbirləri müsbət qiymətləndirib. Eyni zamanda, gələcəkdə daha yaxşı nəticələr əldə etmək üçün bir sıra təkliflər səsləndirib.
Edvard Karvardin deyib ki, qan azlığı və ya anemiya dövrümüzün ən geniş yayılmış problemlərindən biridir. Bəzi insanlar dəmir çatışmazlığından əziyyət çəkirlər. Ona görə də bu vəziyyətdən çıxış yolları üzərində çalışmaq lazımdır. Bundan başqa, valideynlərin uşaqlarını atması və ya uşaq evlərinə verməsi hallarına qarşı effektiv tədbirlər görülməlidir. E.Karvardin UNICEF-in uşaq hüquqlarının müdafiəsi sahəsində Azərbaycana hər zaman dəstək göstərməyə hazır olduğunu bildirib.
Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib ki, Azərbaycanda uşaq hüquqlarının müdafiəsi ilə bağlı bu günədək 35 qanun qəbul edilib, 100-dən çox qanuna isə əlavə və dəyişikliklər olunub. Azərbaycan hökuməti uşaqların müdafiəsi sahəsində çox ciddi tədbirlər görür. Onların səmərəli fəaliyyəti, təlim-tərbiyəsi üçün müxtəlif tədris mərkəzləri, idman kompleksləri tikilir.
Sonra UNICEF-in uşaqlarla bağlı hazırladığı film nümayiş etdirilib.
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, AŞPA komitəsində uşaqlar üzrə baş məruzəçi Sevinc Fətəliyeva Azərbaycanın Avropa Şurasında müvafiq fəaliyyəti barədə danışıb. Bildirib ki, 2010-cu ildə Avropa Şurası tərəfindən Lansarote Konvensiyası imzalanıb. Bu konvensiyanın davamı olaraq uşaqlara qarşı cinsi zorakılıqla mübarizə proqramı həyata keçirilir. Bu proqram şəbəkə qismində reallaşır. Bu illər ərzində 31 ölkə bu proqramı ratifikasiya edib. Bu günədək şəbəkənin 27 iclası keçirilib.
Deputat deyib ki, zaman getdikcə uşaq hüquqları anlayışı da dəyişir, yeni çağırışlar, hədəflər ortaya qoyulur. Bu gün ən ciddi məsələlərdən biri uşaqların kiber mühitdə təhlükəsizliyi məsələsidir. 2015-ci ildə Avropa Şurasının Nazirlər Kabineti noyabrın 18-ini uşaqların cinsi istismardan və zorakılıqdan müdafiəsi günü kimi qəbul edib. Artıq iki ildir bu gün bütün Avropa Şurasına üzv dövlətlərdə, eləcə də Azərbaycanda qeyd olunur.
İnformasiya texnologiyalarının artıq həyatımızın ayrılmaz hissəsi olduğunu deyən S.Fətəliyeva bildirib ki, uşaqların təhlükəsiz internetdən istifadəsi də qanunvericilikdə öz əksini tapmalıdır. Azərbaycan parlamentində artıq bununla bağlı qanun layihəsi hazırlanır.
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, AŞPA-dakı nümayəndə heyətinin üzvü Vüsal Hüseynov uşaqların hüquqlarının müdafiəsi və təmin edilməsi istiqamətində Azərbaycanda həyata keçirilən tədbirlər barədə danışıb. Bildirib ki, bu istiqamətdə görülən işlərə baxsaq, həm qanunvericiliyin təkmilləşdirilməsini, həm preventiv, maarifləndirici tədbirlər kimi davamlı yanaşmanın mövcud olduğunu görərik. Parlamentdə bu istiqamətdə tədbirlərin keçirilməsi həmin məsələyə olan diqqətin göstəricisidir. Uşaqlarla bağlı qanunvericilik, onların sosial müdafiəsi hər bir dövlət üçün strateji məsələdir. Uşaqlara qarşı bugünkü qayğı sabaha olan keyfiyyətli insan kapitalıdır. Bu, həm də cinayətkarlığın azaldılması və sağlam cəmiyyət deməkdir.
Deputat qanunvericilikdə görülən işlər barədə də ətraflı məlumat verib.
Daha sonra mövzu ətrafında müzakirələr aparılıb.
Deputatlar Aydın Mirzəzadə, Şəmsəddin Hacıyev, Məlahət İbrahimqızı, Tahir Kərimli, Uşaq Hüquqları üzrə Qeyri-Hökumət Təşkilatları Alyansının milli əlaqələndiricisi Nabil Seyidov, “Dan” Beynəlmiləlçi Gənclər İctimai Birliyinin sədri Gülarə Teymurova, Əlil Uşaqlara Yardım İctimai Birliyinin sədri Validə Abbasova müzakirələr zamanı çıxış ediblər. Çıxışlarda Azərbaycanda uşaq hüquqlarının müdafiəsi, dövlətimizin uşaqlara göstərdiyi qayğı, qarşıda duran vəzifələrdən söhbət açılıb, bir sıra təkliflər səsləndirilib.
Tədbirdə iştirak edən məktəbli uşaqlar Aylin Süleymanova, Mövlanə Əliyeva, Firavan Əlizadə ürək sözlərini bildiriblər. Onlar uşaqların firavan, xoşbəxt böyüməsi üçün dövlətimiz tərəfindən göstərilən diqqət və qayğıya görə təşəkkürlərini ifadə ediblər.
AZƏRTAC