Bahar Muradova: ATƏT PA-nın Bakıda keçiriləcək sessiyasında Ukrayna ilə bağlı qətnamə qəbul olunacaq

Posted by

Bahar Muradova: ATƏT PA-nın Bakıda keçiriləcək sessiyasında Ukrayna ilə bağlı qətnamə qəbul olunacaq

Bahar Muradova: ATƏT PA-nın Bakıda keçiriləcək sessiyasında Ukrayna ilə bağlı qətnamə qəbul olunacaq

Bahar Muradova: ATƏT PA-nın Bakıda keçiriləcək sessiyasında Ukrayna ilə bağlı qətnamə qəbul olunacaq

ATƏT PA-nın Bakıda keçiriləcək 23-cü illik sessiyasında Ukraynada baş verən hadisələrlə bağlı qətnamə qəbul olunacaq. Bunu Trend-ə açıqlamasında Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.

Vitse-spiker qeyd edib ki, hazırda ATƏT PA-nın Bakıda keçiriləcək 23-cü illik sessiyasının gündəliyinin dəqiqləşdirilməsi ilə bağlı işlər gedir: “Bir qayda olaraq sessiyada ATƏT-in 3 səbəti üzrə, yəni 3 istiqamətdə müzakirələr aparılır. Həm komitələrdə, həm də plenar sessiyada ötənilki İstanbul bəyannaməsinin yerinə yetirilməsi ilə bağlı işlərə dair hesabatlar dinləniləcək, 2015-ci il avqustun 1-də Helsinki Yekun Aktının qəbulunun 40-cı ildönümü ilə əlaqədar məsələlər müzakirə ediləcək. Qeyd edim ki, son illərin sessiya və müzakirələri məhz “Helsinki+40″ formatında aparılır. Sonda isə Bakı Bəyannaməsi qəbul olunacaq”.

Onun sözlərinə görə, sessiyada Ukraynada baş verənlərlə bağlı ayrıca qətnamənin qəbul olunacağı gözlənilir: “Hazırda Ukraynada baş verən hadisələrə görə ATƏT regionunda çox gərgin mühit yaşanır. ATƏT-in yay sessiyasında Ukrayna ilə bağlı ayrıca müzakirələr olacaq. Bununla əlaqədar müvafiq sənədin qəbulu da gözlənilir”.

Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Ukrayna məsələsinin müzakirəsinin dondurulmuş münaqişələr, xüsusilə Dağlıq Qarabağ münaqişəsini də gündəmə gətirəcəyini açıqlayıb: “Son vaxtlar ATƏT-in Minsk qrupu həmsədrlərinin həm bəyanatlarında, həm də açıqlamalarında müəyyən fəallaşma hiss olunur və status-kvonun qəbuledilməzliyi daha uca səslə söylənilməyə başlayıb. Ona görə də bu kimi məsələlərin də müzakirə predmeti olacağını düşünmək olar. Dağlıq Qarabağ məsələsi gündəliyə ayrıca məsələ kimi daxil olunmasa belə, Ukrayna məsələləri kontekstində mütləq müzakirə olunacaq”.

B.Muradova bildirib ki, bu müzakirələrin nəticəsi adətən sonda öz əksini qərar layihələrində tapır: “Hazırda qərar layihələri ilə bağlı hər 3 komitədə ATƏT-ə üzv ölkələrdən təkliflər daxil olur. Çünki hər ölkə qəbul ediləcək qətnamənin bu və ya digər maddəsi ilə bağlı təkliflərini ayrıca yazılı şəkildə göndərir. Bütün bunlar həm komitələrdə, həm də plenar iclasda müzakirə olunduqdan sonra sənədə daxil edilə bilər. Ona görə də qətnamənin necə olacağını indidən söyləmək mümkün deyil. Ola bilər ki, hansısa məsələ barəsində tənqidi fikirlər söylənsin, lakin sonda lazım olan səs çoxluğuna nail olunmadığından qətnamə layihəsində daxil edilməsin”.

Vitse-spiker əlavə edib ki, artıq sessiyada iştirak edəcək dövlətlərin sayı bəllidir: “Sessiyada iştirak etmək üçün ATƏT üzvü olan bütün ölkələrin, o cümlədən Ermənistan nümayəndələrinin Bakıya gələcəyi gözlənilir”.

Qeyd edək ki, ATƏT PA-nın 23-cü illik sessiyası Bakıda iyunun 28-dən iyulun 3-nə kimi keçiriləcək.

 

Trend.az