BACARART xeyriyyə satış sərgisi başa çatıb
İçərişəhərdə yerləşən “Art Garden” restoranında YARAT təşkilatı və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən artıq iki ildir ki, davamlı olaraq həyata keçirilən və aztəminatlı ailələrdən olan yaradıcı uşaqların dəstəklənməsinə yönəlmiş BACARART layihəsinin yekunlarına həsr edilmiş bayram gecəsi keçirilib.
Trend-in məlumatına görə, irimiqyaslı xeyriyyə satış sərgisində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, YARAT Müasir İncəsənət Məkanının təsisçisi və rəhbəri Aida Mahmudova, mədəniyyət və incəsənət xadimləri, diplomatik missiyaların nümayəndələri və yaradıcı gənclər iştirak ediblər.
Dövlət Komitəsinin sədri H.Hüseynova açılış mərasimində bildirib ki, layihənin əsas məqsədi əvvəllər olduğu kimi Azərbaycanın müxtəlif regionlarından olan istedadlı uşaqların yaradıcı potensialının inkişafıdır: “Ölkəmiz həmişə istedadlı uşaqlarla zəngin olub və aztəminatlı ailələrdən olan yaradıcı uşaqların dəstəklənməsinə yönəldilmiş BACARART layihəsi gənc qabiliyyətli rəssamların istedadlarını üzə çıxarmağa kömək etdi”.
Layihə iştirakçıları diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb. Gecənin qonaqlarına BACARART layihəsinin reallaşdırılması haqqqında videomaterial, həmçinin Bülbül adına musiqi məktəbində təhsil alanların iştirakı ilə konsert proqramı təqdim olunub.
2014-cü ildə layihədə rəssamlardan Ramal Kazımov, Vüsal Rəhim, Sitarə İbrahimova və Reza Hazare iştirak ediblər. Onların rəhbərlikləri altında BACARART-ın gənc iştirakçıları kompozisiya, rəsm, kollaj və bədii fotoqrafiyanın əsaslarını mənimsəyiblər.
2014-cü ildə layihə artıq Azərbaycanın 11 regionunu əhatə edib: Şüvəlan qəsəbəsi (Bakı), Göygöl, Sabirabad, İsmayıllı, Zərdab, Hacıqabul, Zaqatala, Saatlı, Qəbələ, Goranboy və Ağdam. Layihənin birinci mərhələsi çərçivəsində 50 istedadlı uşaq və yeniyetmə iki regional mərkəzdə – Saatlı və Göygöldə yığışıblar. İş prosesinə cəlb olunmuş Komitənin 10 təlimatçısı nəzarət edib.
Layihənin ikinci mərhələsində iştirakçılar Şəkidəki Marxal kurort ərazisində keçirilməsi qərara alınmış yay məktəbi çərçivəsində ünsiyyəti davam etdiriblər. 10 gün ərzində iştirakçılar Şəki Xan sarayını, Gələrsən-Görərsən qalasını (VIII-IX ə.), Cümə məscidini (XVIII ə.), Kiş qala və məqbərəsini, Yuxarı Çardaxlardakı qalanı (e.ə. IV ə. – e. V ə.), Orta Zəyziddəki qüllə və məbədi, həmçinin digər memarlıq abidələrini ziyarət ediblər.
Səfalı mənzərələr, şəhər təlaşından təcrid olunma və sərbəstlik şəraiti hər bir uşağın potensialını maksimum şəkildə aşkar etməyə kömək edib. Layihə nəticəsində 150-dən çox rəsm və 80-dən çox fotoşəkil yaradılıb, buna baxmayaraq, layihənin final mərhələsi üçün yalnız ən yaxşı 19 fotoşəkil və 41 rəsm seçilib.
Xeyriyyə satış sərgisindən əldə olunan bütün vəsait 30 finalçının ailələrinə paylanacaq və onların istedadlarının sonrakı inkişafına yönəldiləcək. Layihə iştirakçıları üçün şəhərin tarixi yerlərinə maraqlı tur və Heydər Əliyev Mərkəzinə səfər təşkil olunub.
Trend.az