Baş Prokurorluqda ümummilli lider Heydər Əliyevi anma mərasimi keçirilib

Posted by

Baş Prokurorluqda ümummilli lider Heydər Əliyevi anma mərasimi keçirilibBaş Prokurorluqda ümummilli lider Heydər Əliyevi anma mərasimi keçirilib

Baş Prokurorluqda ümummilli lider Heydər Əliyevi anma mərasimi keçirilib

Dekabrın 11-də Baş Prokurorluqda xalqımızın ümumilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anma mərasimi keçirilmişdir.

 

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Baş Prokurorluğun inzibati binasındakı büstü önünə əklil və gül dəstələri qoymuş, unudulmaz xatirəsini ehtiramla yad etmişlər.

 

Baş Prokurorluğun müasir informasiya-kommunikasiya texnologiyalarının son nailiyyətlərindən istifadə edilməklə yüksək standartlar və tələblər səviyyəsində yenidən təşkil edilmiş muzeyində Heydər Əliyevin zəngin irsini özündə əks etdirən eksponatlar, bu barədə elektron vasitələrlə azərbaycan, ingilis və rus dillərində məlumatların verilməsi, onların elektron bazasının yaradılması, müasir elektron informasiya ekran və tablolarının yerləşdirilməsi tədbir iştirakçılarına təqdim edildi.

 

Mərasimdə çıxış edən Baş prokuror Zakir Qaralov diqqətə çatdırmışdır ki, Azərbaycan Respublikasının 1969-cu ildən başlamaqla 30 ildən artıq bir dövrü əhatə edən ən yeni tarixi, bu dövr ərzində müstəqil dövlət kimi ölkəmizin və xalqımızın taleyi, ölkə həyatının bütün sahələrində əldə edilmiş möhtəşəm nailiyyətlər dahi şəxsiyyət Heydər Əliyevin adı, onun müdrik dövlətçilik siyasəti ilə bağlı olmuşdur. «Azərbaycan tarixinin Heydər Əliyev dövrü» kimi qiymətləndirilən bu zaman kəsiyi ərzində ulu öndər tərəfindən görülən böyük işlərin məntiqi nəticəsidir ki, bu gün xalqımız müstəqil, demokratik və hüquqi bir dövlətdə yaşamaq xoşbəxtliyini əldə etmiş, öz layiqli və hərtərəfli, təminatlı gələcəyinin bütün əsaslarını yaratmış, ən başlıcası isə siyasi və iqtisadi müstəqilliyinə nail olmuşdur.

 

Xüsusi vurğulanmışdır ki, Azərbaycan Respublikasının tarixinə sabitlik və inkişaf dövrü kimi daxil olan 1993-2003-cü illər ərzində Heydər Əliyev tərəfindən müstəqil dövlətçiliyimizin ideoloji əsasları yaradılmış, o cümlədən Azərbacançılıq məfkurəsi formalaşdırılmış, bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan yeni iqtisadi münasibətlər bərqərar olmuş, Azərbaycan Respublikasının yeni Konstitusiyası qəbul edilməklə hüquqi dövlət quruculuğu yolunda inamlı addımlar atılmış, demokratik və ümumbəşəri dəyərlərə əsaslanan vətəndaş cəmiyyətinin qurulması istiqamətində böyük işlər görülmüşdür.

 

Ulu öndər Heydər Əliyevin Azərbaycanın təbii ehtiyatlarından ölkənin milli maraqları naminə səmərəli istifadə edilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin nəticəsi olaraq, ölkə iqtisadiyyatı və bütövlükdə ölkənin gələcəyi üçün həlledici amil olan «Əsrin müqaviləsi»nin imzalanması ilə Azərbaycanın dünyada analoqu olmayan sürətli inkişafı üçün hərtərəfli zəmin yaradılmışdır. Azərbaycanı bütün dünyaya tanıdan bu müqavilə irimiqyaslı xarici investisiyaların ölkəyə axını üçün böyük stimul oldu, ölkəmizin dünya iqtisadiyyatına hərtərəfli inteqrasiyasının əsasını qoydu.

 

Diqqətə çatdırılmışdır ki, müstəqil Azərbaycan Respublikasının mühüm dövlət təsisatlarından olan prokurorluq orqanlarının yenidən formalaşması ilk növbədə, ulu öndər Heydər Əliyev şəxsiyyəti ilə bağlıdır. Azərbaycan Respublikası Prokurorluğunun dövlətçiliyimizin maraqlarına xidmət edən sivil və demokratik bir qurum kimi formalaşması ölkəmizdə aparılan hərtərəfli məhkəmə-hüquq islahatlarının memarı olan Heydər Əliyevin dövlətçilik siyasəti, onun gündəlik qayğı və dəstəyi nəticəsində mümkün olmuşdur. 2003-cü ildən etibarən Azərbaycan prokurorluğu orqanlarına dövlət səviyyəsində göstərilən etimad və diqqət Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və prokurorluğa hərtərəfli qayğı göstərilir. Milli Prokurorluğun inkişaf tarixində hərtərəfli müasirləşdirmə və təkmilləşdirmə dövrünün əsasını qoyan Dövlət başçısı tərəfindən təsdiq edilmiş «Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı»na, «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasına uyğun olaraq həyata keçirilən tədbirlər insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi, digər hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqəli fəaliyyətin təkmilləşdirilməsi, prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması və əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi üçün böyük imkanlar yaratmışdır.

 

Xüsusi vurğulanmışdır ki, cənab İlham Əliyevin 2003-cü ildən etibarən Dövlət başçısı kimi fəaliyyəti Heydər Əliyev ideyalarının yaşaması və onların reallaşdırılması istiqamətində görülən işlər bu dahi şəxsiyyətin unudulmaz xatirəsinin əbədiləşdirilməsinin və döğma Azərbaycanımızın hərtərəfli tərəqqisinin bariz göstəricisidir. Bu gün bütövlükdə ölkəmizin, eyni zamanda hər bir bölgənin hərtərəfli sosial-iqtisadi inkişafına nail olunmuş, demokratik vətəndaş cəmiyyətinin daha da təkmilləşdirilməsi istiqamətində inamlı addımlar atılmış, dünya dövlətləri birliyinə inteqrasiya proseslərini sürətləndirən ölkəmiz regionun aparıcı dövləti statusunu özündə saxlamış, enerji layihələrinin reallaşdırılması istiqamətində böyük işlər görülmüşdür. Nazirlər Kabinetinin cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Dövlət başçısı cənab İlham Əliyevin nitqində göstərildiyi kimi, ölkə iqtisadiyyatı uğurla inkişaf etmiş, bütün makroiqtisadi göstəricilər yüksək səviyyəyə çatmış, iqtisadi sahədə aparılan düşünülmüş siyasət qlobal iqtisadi maliyyə böhranı şəraitində Azərbaycan uğurlu iqtisadi inkişafını, ümumi daxili məhsulun əhəmiyyətli artımını təmin etmiş, nəzərdə tutulmuş bütün proqramlar uğurla icra edilmişdir. Həyata keçirilmiş böyük quruculuq işləri və mütərəqqi islahatların nəticəsidir ki, əldə edilmiş uğurlar beynəlxalq maliyyə qurumları tərəfindən yüksək dəyərləndirilmiş, dünyanın nüfuzlu iqtisadi institutu olan Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə görə, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliyinə görə dünya miqyasında 38-ci yerdə qərarlaşmışdır.

 

Heydər Əliyev ideyalarının ardıcıl surətdə reallaşdırılmasının və Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin nəticəsi olaraq, paytaxtımızın mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, o cümlədən Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının ilk Avropa Olimpiya oyunlarının 2015-ci ildə Azərbaycanda keçirilməsi haqqında qərar qəbul etməsi ölkəmizin böyük uğuru kimi dəyərləndirilmişdir.

 

Anma mərasiminin iştirakçıları və Azərbaycan Respublikası Prokurorluğunun kollektivi adından Dövlət başçısı cənab İlham Əliyev əmin edilmişdir ki, ulu öndər Heydər Əliyevin ideyalarına və onun formalaşdırdığı siyasi kursa sadiq olan prokurorluğun kollektivi bütün səylərini dövlət müstəqilliyinin və milli maraqların, ölkəmizdə ictimai-siyasi sabitliyin hər cür cinayətkar qəsdlərdən qorunmasına səfərbər edəcəkdir.

 

Mərasimin sonunda ümummilli liderin xatirəsinə həsr olunmuş Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hazırlanmış «Vətənə, xalqa həsr edilən ömür» adlı film nümayiş etdirilmişdir.

 

Trend.az