Azərbaycanın Varşavadakı səfiri Polşanın idman və turizm naziri ilə görüşüb
Azərbaycanın Varşavadakı səfiri Həsən Həsənov Polşanın idman və turizm naziri Andjey Biernatla görüşüb.
Azərbaycanın Polşadakı səfirliyindən APA-ya verilən məlumata görə, martın 14-də keçirilən görüşdə iki ölkə arasında idman və turizm sahəsində əməkdaşlığın hazırki durumu və perspektiv əməkdaşlıq imkanları müzakirə edilib.
H.Həsənov 3-5 aprel tarixlərində Bakı keçiriləcək 13-cü Azərbaycan turizm və səyahətlər sərgisində iştirakla bağlı Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin ünvanladığı dəvət məktubunu A.Biernata çatdırıb.
Sərgiyə beynəlxalq aləmdə marağın böyük olduğunu bildirən H.Həsənov belə bir səfərin ölkələrimiz arasında qeyd olunan sahələr üzrə əlaqələrin daha da inkişaf etməsinə xidmət edəcəyini vurğulayıb.
Öz növbəsində A.Biernat son dövrlərdə Azərbaycan idmançılarının uğurlarının, ölkəmizdə bu sahədə görülən işlərin Polşada yaxından izləndiyini bildirib. Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi qərarının ölkəmiz üçün böyük uğur kimi qiymətləndirən polşalı nazir 13-cü Azərbaycan turizm və səyahətlər sərgisində iştirakla bağlı dəvəti böyük məmnuniyyətlə qəbul etdiyini vurğulayıb.
A.Biernat Azərbaycanda bütün sahələr üzrə gedən inkişafın canlı şahidi olmaq arzusunda olduğunu bildirərək, həmin səfərin bunun üçün gözəl fürsət olduğunu qeyd edib.
Görüş zamanı Azərbaycanın turizm sahəsi, burada görülən işlər, istifadəyə verilmiş yeni idman-turizm obyektləri haqqında geniş fikir mübadiləsi aparılıb.
Apa.az