Azərbaycanın Dövlət Sərhəd Xidməti ilə Gürcüstan Sərhəd Polisi arasında əlaqələr müzakirə olunub
İyunun 2-də Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi–Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyevin dəvəti ilə Gürcüstan Sərhəd Polisinin rəisi, general-mayor Zurab Qamezardaşvilinin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlib.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, həmin gün DSX aparatında Azərbaycan və Gürcüstan nümayəndə heyətləri arasında görüş keçirilib.
Görüşdə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə Gürcüstan Sərhəd Polisi arasında ikitərəfli münasibətlərin vəziyyəti müzakirə olunub, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdiyi bildirilib.
Müzakirələr zamanı Azərbaycan-Gürcüstan dövlət sərhədində əməliyyat şəraitinin vəziyyətinə və inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb, dövlət sərhədində beynəlxalq terrorçuluğa, qanunsuz miqrasiyaya, narkotik vasitələrinin qeyri-qanuni dövriyyəsinə, qaçaqmalçılığa qarşı mübarizə sahəsində qarşılıqlı məlumat mübadiləsinin təkmilləşdirilməsinin əhəmiyyəti qeyd olunub.
Gələn ay Azərbaycanda birinci Avropa Oyunlarının təşkili və keçirilməsi ilə əlaqədar Azərbaycan-Gürcüstan dövlət sərhədində sərhəd mühafizə orqanları arasında qarşılıqlı əlaqənin daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.
AzərTac.az