Azərbaycanın Böyük Britaniyadakı səfiri Oksford İslam Araşdırmaları Mərkəzində olub
Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə Oksford Universitetinin nəzdində fəaliyyət göstərən İslam Araşdırmaları Mərkəzinin fəaliyyəti ilə tanışlıq və ölkəmizlə mümkün əməkdaşlıq imkanlarının müzakirəsi məqsədilə həmin Mərkəzdə olub.
Oksforda səfəri çərçivəsində Mərkəzin yeni binası ilə tanış olan səfirə məlumat verilib ki, bu bina bir sıra müsəlman ölkələrinin dəstəyi ilə inşa edilib. Mərkəzin akademik fəaliyyətlərinin yeni evi olacaq binada kitabxana, akt zalı, ibadət zalı, qalereya və s. istifadəçilərin ixtiyarına veriləcək.
Oksford İslam Araşdırmaları Mərkəzinin fəaliyyəti haqqında məlumat verən direktor Farhan Nizami qeyd edib ki, Mərkəz 1985-ci ildən fəaliyyət göstərir. Britaniya Kral ailəsinin üzvü, Uels Şahzadəsi Çarlzın şəxsi himayəsi altında fəaliyyət göstərən, Qərb ilə İslam dünyası arasında körpü rolunu oynayan Mərkəzin fəaliyyəti geniş beynəlxalq diqqət və dəstək cəlb edir.
T.Tağızadə mərkəzin fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.
Daha sonra Mərkəzin professor-müəllim heyəti ilə Azərbaycanla müxtəlif sahələrdə mümkün əməkdaşlıq münasibətlərinə dair fikir mübadiləsi aparılıb.
Səfir T.Tağızadə Mərkəzə Azərbaycan xalçası hədiyyə edib.
AzərTac/az