Azərbaycanın BMT-dəki daimi nümayəndəsi faşizm üzərində Qələbədə Azərbaycanın mühüm rolunu qeyd edib

Posted by

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi faşizm üzərində Qələbədə Azərbaycanın mühüm rolunu qeyd edibAzərbaycanın BMT-dəki daimi nümayəndəsi faşizm üzərində Qələbədə Azərbaycanın mühüm rolunu qeyd edib

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi faşizm üzərində Qələbədə Azərbaycanın mühüm rolunu qeyd edib

Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Yaşar Əliyev BMT-də İkinci Dünya müharibəsinin başa çatmasının 70 illiyi ilə əlaqədar bəyanatla çıxış edib. Bəşəriyyətin tarixində milyonlarla insanın həyatına son qoymuş ən faciəli müharibədən danışan diplomat vurğulayıb ki, BMT-də müharibənin başa çatmasının 70 illiyinə həsr olunmuş yığıncaq sülhün, azadlığın və insan ləyaqətinin bərpa olunması uğrunda döyüşənlərin adlarını əbədiləşdirməyə və İkinci Dünya müharibəsinin bütün qitələrdən olan milyonlarla qurbanının xatirəsini anmağa imkan verir.

 

O deyib ki, İkinci Dünya müharibəsi Azərbaycanda heç bir ailədən yan ötməyib. Hətta döyüş əməliyyatlarının Azərbaycanın hüdudlarından kənarda getdiyini nəzərə alsaq belə, Azərbaycan xalqı ən sərt sınaqlardan keçib və Qələbənin qazanılmasına sanballı töhfə verib. Respublikamız faşizm ilə müharibəyə 700 min oğul və qızını səfərbər edib və onların yarısı öz həyatını Qələbə naminə qurban verib. Diplomat vurğulayıb ki, Fransa, İtaliya, Polşa, Niderland və Yuqoslaviyada müqavimət hərəkatı sıralarında da çoxlu azərbaycanlı döyüşüb. Qələbə döyüş meydanı ilə bərabər, arxa cəbhədə də qazanılıb. Azərbaycan qısa müddətdə silah və döyüş sursatı istehsalını təşkil edib və hərbi əməliyyat meydanından köçürülmüş sənaye obyektlərinin fəaliyyəti üçün şərait yaradıb.

 

Y.Əliyev vurğulayıb ki, Azərbaycan xalqının gecə-gündüz neft sənayesində çalışan nümayəndələrinin fədakar əməyi əsl qəhrəmanlıq nümunəsidir. İkinci Dünya müharibəsində Bakı əsas neft istehsalçılarından və təchizatçılarından biri olub. SSRİ-də çıxarılan bütün neftin 80 faizi burada hasil olunub, neft məhsullarının 90 faizi, yanacaq-sürtgü materiallarının 96 faizi burada istehsal edilib. İkinci Dünya müharibəsi illərində istifadə olunan hər beş sovet təyyarəsindən, tank və yük maşınından dördü Bakıda hasil edilmiş neftdən elə Bakıdakı neft emalı zavodlarında istehsal edilən yanacaqla işləyib.

 

Faşizm üzərində Qələbənin əldə edilməsində Azərbaycanın mühüm rolundan danışan Y.Əliyev Sovet İttifaqı Qəhrəmanı Fyodor Tolbuxinin 1945-ci il 28 aprel tarixli məqaləsindən sitat gətirib. Məqalədə deyilir: “Qızıl Ordu bir çox qələbələrinə görə, hücum edən hissələrin vaxtında keyfiyyətli yanacaqla təmin edilməsinə görə Azərbaycan xalqı və cəsur Bakı neftçiləri qarşısında borcludur. Stalinqrad ətrafında, Don və Donbasda, Dnepr və Dnestr çayları sahillərində, Belqradda, Budapeşt və Vyana ətrafında vuruşan döyüşçülərimiz Azərbaycan neftçilərini minnətdarlıq hissi ilə xatırlayır və neft Bakısının cəsur zəhmətkeşlərini salamlayır”.

 

Y.Əliyev qeyd edib ki, İkinci Dünya müharibəsinin ibrət dərsləri müasir dünyada asayişin qorunub saxlanılması və beynəlxalq münasibətlərin gələcəyi naminə öz aktuallığını bu günə qədər saxlayır. Bəşəriyyəti müharibə fəlakətindən qorumaq və müdafiə etmək istəyi dünya ölkələrini beynəlxalq sülhü və təhlükəsizliyi dəstəkləmək üçün mexanizm – Birləşmiş Millətlər Təşkilatını yaratmağa ruhlandırıb. Odur ki, müharibənin başa çatmasının 70 illiyini qeyd edən bu yığıncaq BMT Nizamnaməsinin prinsip və məqsədlərinə sadiqliyi təsdiq etmək üçün daha bir imkan olmalıdır. Diplomat sonda onu da xatırladıb ki, Baş Məclis “İkinci Dünya müharibəsinin 70-ci ildönümü” qətnaməsində BMT-nin üzvü olan dövlətləri problemləri həll etmək, habelə beynəlxalq sülhə və təhlükəsizliyə təhdidlər əleyhinə mübarizə aparmaq üçün səyləri birləşdirməyə çağırır və BMT burada əsas rol oynamalıdır.

 

AzərTac.az