Azərbaycanın birinci xanımı Mehriban Əliyeva FAO-nun baş direktorunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva FAO-nun xoşməramlı səfiri adına layiq görülüb
Mayın 25-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ölkəmizdə səfərdə olan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Jose Qratsiano Da Silvanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, birinci xanım Mehriban Əliyeva Azərbaycan ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında uzun illərdir ki, uğurlu əməkdaşlığın qurulduğunu, bu səfərin əlaqələri daha da möhkəmləndirəcəyini dedi. Heydər Əliyev Fondunun fəaliyyətində humanitar sahənin prioritet olduğunu bildirən Mehriban Əliyeva birgə layihələrin həyata keçirilməsinin mümkünlüyündən danışdı. Azərbaycanın birinci xanımı ölkəmizdə ərzaq təhlükəsizliyinə böyük diqqətlə yanaşıldığını, bu sahədə bir sıra proqramların reallaşdırıldığını söylədi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının təcrübəsinin faydalı ola biləcəyini vurğuladı.
FAO-nun baş direktoru Jose Qratsiano Da Silva artıq ikinci dəfədir ki, Azərbaycana səfər etdiyini, budəfəki gəlişində də paytaxtımızda böyük dəyişikliklərin şahidi olduğunu qeyd etdi. Qonaq bildirdi ki, rəhbərlik etdiyi təşkilat dünyada aclıqla mübarizə, ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatı, meşə və balıqçılıq təsərrüfatının səmərəliliyinin artırılması, sağlam ərzaq sistemlərini yaratmaq kimi vəzifələri qarşısına məqsəd qoyub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın fəaliyyəti isə bu məqsədlərə nail olmağa töhfə verir.
Jose Qratsiano Da Silva Leyla Əliyevanın BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri adına layiq görüldüyünü bildirərək diplomu Mehriban Əliyevaya təqdim etdi. Qonaq Leyla Əliyevanın FAO-nun Romadakı baş ofisinə dəvət edildiyini bildirdi.
AzərTac.az