Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinin sədrliyinə başlaması münasibətilə Strasburqda dövlət bayrağının qaldırılması mərasimi keçirilmişdir
Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinin sədrliyinə başlaması münasibətilə Strasburq meriyasının qarşısında dövlət bayrağımızın qaldırılması mərasimi keçirilmişdir.
Mərasimi açan şəhər merinin müavini Jan-Jak Qsel bildirmişdir ki, Avropanın rəmzi paytaxtı hesab edilən Strasburq şəhəri dəfələrlə Avropa Şurasına üzv olan müxtəlif ölkələrin Nazirlər Komitəsinin sədrliyinə başlaması ilə bağlı bayraq qaldırılma mərasimi kimi yaddaqalan hadisələrin şahidi olmuşdur. Özünəməxsus tarixə, müxtəlif dinlərə və mədəniyyətə malik olan üzv ölkələrin fəaliyyətində Avropa Şurasının əsas prinsipləri – demokratiya, insan haqları və qanunun aliliyi mühüm rol oynayır.
Nazirlər Komitəsinə sədrliklə bağlı ilk tədbirin Strasburqda 1949-cu il avqustun 8-də keçirildiyini xatırladan Jan-Jak Qsel sədrliyi Azərbaycana təhvil verən Avstriyanın Avropa Şurasına üzv olduğu müddətdə altı dəfə Nazirlər Komitəsinə sədrlik etdiyini diqqətə çatdırmış, Avstriya ilə Strasburq arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirmişdir.
Azərbaycanın ilk dəfə Nazirlər Komitəsinə sədrliyə başladığını xüsusi vurğulayan Jan-Jak Qsel Fransa Prezidenti Fransua Ollandın Bakıya rəsmi səfərinin ölkələrimiz arasında siyasi dialoqun və ikitərəfli əlaqələrin daha da gücləndirilməsi məqsədini daşıdığını bəyan etmişdir.
Avropa Şurası baş katibinin müavini xanım Qabriella Battani-Draqoni çıxışında bayraq qaldırılması mərasiminin bir növ Avropanın güclü simvoluna çevrildiyini, sədrlik dövründə Avstriyanın fikir azadlığı, jurnalistlərin təhlükəsizliyi, insan hüquqları, korrupsiyaya və qadın zorakılığına qarşı mübarizə istiqamətində müəyyən işlər gördüyünü, Avropa Şurası və Strasburq şəhəri ilə birgə əməkdaşlıq sayəsində demokratiyaya dair dünya forumunu təşkil etdiyini xatırlatmışdır.
Azərbaycanın Avropa Şurasına üzv olduğu müddətdə ilk dəfə Nazirlər Komitəsinə sədrliyə başladığını diqqətə çatdıran baş katibin müavini ölkəmizin özündən əvvəlki sədrlər kimi korrupsiyaya qarşı fəal mübarizə aparacağına, Avropa Şurasının əməkdaşlığının zəruri tərkib hissəsi olan qonşuluq və mədəniyyətlərarası dialoq siyasətini müvəffəqiyyətlə davam etdirəcəyinə əminliyini bildirmişdir.
Çıxışının sonunda baş katibin müavini altı ay ərzində Nazirlər Komitəsinə sədrlik edəcək Azərbaycana fəaliyyətində uğurlar arzulamışdır.
Avstriyanın Avropa Şurası yanındakı daimi nümayəndə heyətinin rəhbəri səfir Rudolf Lennk ölkəsinin Nazirlər Komitəsinə sədrlik etdiyi dövrdə Avropa Şurasının prioritetləri olan demokratiya, insan haqları və qanunun aliliyi istiqamətində gördüyü işlərdən, nüfuzlu təşkilatla əməkdaşlığın möhkəmləndirilməsinə çalışdığını, Avropa ölkələrində baş verən mühüm hadisələrin həlli ilə bağlı görülən işlərdən bəhs etmişdir.
Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəlinin rəhbəri Emin Eyyubov çıxışında demişdir: 2001-ci ilin yanvar ayında Avropa Şurasının üzvü olduqdan sonra ilk dəfə olaraq təşkilatın əsas qərar verici qurumu olan Nazirlər Komitəsinə sədrliyi öz üzərinə götürmək həqiqətən də Azərbaycan Respublikası üçün mühüm hadisədir. 2014-cü ilin may-noyabr aylarını əhatə edəcək sədrlik ərzində Azərbaycan Avropa Şurasının fəaliyyətinin üç əsas ölçüsü – insan hüquqları, qanunun aliliyi və demokratiyaya güclü dəstək verəcək və bu istiqamətlərdə təşkilatın atacağı addımların təşviqi ilə bağlı səylərini əsirgəməyəcəkdir.
Azərbaycan sədrliyi şəksiz olaraq demokratiya, təhlükəsizlik və stabillik sahəsində Avropada hazırda mövcud olan və üzv ölkələrin üzləşdiyi problemlərə ciddi diqqət ayıracaqdır. Bu məqsədlə Azərbaycanın sədrliyi təşkilatın bütün üzv ölkələri ilə birgə gücləndirilmiş dialoq, qarşılıqlı hörmət və anlaşma yolu ilə kompromis ruhunda razılaşdırılmış qərarların qəbuluna çalışacaqdır. Korrupsiya ilə mübarizə Azərbaycan sədrliyinin əsas prioritetlərindən biri olacaqdır. Biz Bakıda yüksək səviyyəli konfrans təşkil etməklə korrupsiya ilə mübarizəni özünün əsas məqsədi elan etmiş Avropa Şurasının səylərinə töhfəmizi verəcəyik.
Mütəmadi olaraq inkişaf edən cəmiyyətlərdə mədəni fərqliliklərin idarə edilməsi bu gün Avropada ən aktual məsələlərdən birinə çevrilmişdir. Azərbaycan tarixən müxtəlif dinlərin nümayəndələrinin sülh şəraitində, birgə mövcud olduğu bir yer olmuşdur. Sədrliyi zamanı Azərbaycan mədəniyyətlərarası dialoqa böyük əhəmiyyət verərək Avropada ayrı seçkilik və dözümsüzlüklə mübarizəyə öz töhfəsini göstərəcəkdir.
Sədrlik dövründə səylərimiz, eyni zamanda çiçəklənən və inkişaf edən cəmiyyətlərin iki əsas ayrılmaz elementi olan gənclik və təhsil üzərində də cəmləşəcəkdir. Gənclərin öz hüquqlarından geniş istifadə imkanlarının təmin edilməsi məsələsi sədrlik dövründə diqqət mərkəzində saxlanılacaqdır.
May-noyabr aylarında Azərbaycanda çoxsaylı tədbirlər keçiriləcəkdir ki, bu tədbirlərdə Avropa Şurasına üzv ölkələrdən çoxlu sayda nümayəndənin iştirakı nəzərdə tutulmuşdur. Həmçinin, bu müddət ərzində sədrlik tərəfindən Strasburqda da çoxsaylı mədəni tədbirlərin təşkili nəzərdə tutulur. Əminəm ki, istər Bakıda, istərsə də Strasburqda keçiriləcək bu tədbirlər Azərbaycanın zəngin tarixi, mədəniyyəti və incəsənətinin nümayiş etdirilməsi və təbliği baxımından mühüm əhəmiyyət daşıyacaqdır.
Sonda Avstriyanın dövlət himni ilə dövlət bayrağı endirilmiş, dövlət himnimizin sədaları altında Azərbaycan bayrağı qaldırılmış və eyni zamanda Avropa Şurasının himni səslənmişdir.
AzərTac.az