Azərbaycanla Türkiyə dövlət qulluğunun idarə olunması sahəsində əməkdaşlığı inkişaf etdirəcək
Bu gün Bakıda “Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət qulluğunun idarə olunmasının inkişafı və dəstəklənməsi sahələrində əməkdaşlıq Protokolu” çərçivəsində “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsi arasında 2014-2015-ci illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Planı”nın imzalanma mərasimi keçirilib.
Trend xəbər verir ki, Fəaliyyət Planını Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov və Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsinin sədri Mehmet Ali Kumbuzoğlu imzalayıb.
B.Xəlilov bildirib ki, Komissiya ilə Türkiyənin Dövlət Kadrlar İdarəsi arasında əməkdaşlığa dair ilk protokol imzalanıb. Həmin protokolun əsasında əməkdaşlıq davam edir.
Onun sözlərinə görə, bu gün imzalanmış Fəaliyyət Planında isə 2014-2015-ci illər ərzində hər il üçün qarşılıqlı işgüzar səfərlərin həyata keçirilməsi nəzərdə tutulur: “Səfərlər zamanı dövlət qulluğunda islahatlar və insan resurslarının idarə olunması sahəsinə dair yeni yanaşmalar nəzərdən keçiriləcək, dövlət qulluğuna qəbul, dövlət qulluqçularının peşə hazırlığı, etik davranış qaydalarına nəzarət sistemi, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi, rotasiya sisteminin tətbiqi, dövlət qulluğunda şəffaflıq, xidmətlərin çatdırılmasında qərəzsizliyin təmin olunması, dövlət qulluqçularının vəzifədə yüksəlişi, dövlət qulluğunda idarəçiliyində e-hökumətin tətbiq olunması sahəsində təcrübə mübadiləsi aparılacaq. Eyni zamanda, hər iki ölkənin dövlət qulluğuna dair aparılmış təhlili nəticəsində müəyyən edilmiş problemli məsələlər və həmin problemlərin həlli yolları sahəsində müzakirələr aparılacaq. Fəaliyyət Planında dövlət qulluğu sisteminə təlim proqramları və seminarların təşkil edilməsi, zurərət olduğu halda dövlət qulluğu və insan resurslarının inkişafına dair nəşrlə mübadiləsinin aparılması da nəzərdə tutulur”.
Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsinin sədri Mehmet Ali Kumbuzoğlu isə qeyd edib ki, hər iki ölkənin rəhbərliyi tərəfindən dövlət idarəçiliyi sahəsində əməkdaşlığa böyük önəm verilir: “Biz Azərbaycanla dövlət idarəçiliyi sahəsində əməkdaşlığımızı inkişaf etdirmək niyyətindədyik. Bunun üçün dövlət qulluğunun idarə olunmasının inkişafı və dəstəklənməsi sahələrində müxtəlif layihələr həyata keçiriləcək”.
İmzalanma mərasimində Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşqun da iştirak edib
Trend.az