Azərbaycanla Niderland arasında əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib

Posted by

Azərbaycanla Niderland arasında əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib

Azərbaycanla Niderland arasında əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib

Azərbaycanla Niderland arasında əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib

Bu gün Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkəmizdə səfərdə olan Niderland Krallığı Senatının üzvü Rene Van der Lindeni və onun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, S.Müslümov Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyası nəticəsində ölkəmizin davamlı inkişaf tempinə malik olduğunu konkret göstəricilər əsasında nümayəndə heyətinin diqqətinə çatdırıb. Azərbaycanın son on ildə 3,2 dəfə iqtisadi artıma nail olduğunu qeyd edən nazir bu dövrdə qeyri-neft sektorunun 2,6 dəfə artdığını, həmçinin respublikada 900 mini daimi olmaqla 1,2 milyondan çox yeni iş yerinin, 55,6 min müəssisənin yaradıldığını bildirib: “Ölkənin iqtisadi tərəqqisi sosial rifah göstəricilərinin də yüksəlməsi ilə müşaiyət olunur. Bunun bariz ifadəsi kimi, qeyd olunan müddətdə ölkədə orta aylıq əməkhaqqı 5,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə artıb. Hətta inkişaf etmiş ölkələrdə işsizlik səviyyəsi artmaqda olduğu halda, Azərbaycanda iqtisadi inkişaf, çoxsaylı yeni iş yerlərinin yaranması və məşğulluq imkanlarının genişlənməsi işsizliyin 5 faizə enməsinə səbəb olub”.

Nazir uğurlu sosial-iqtisadi inkişaf proseslərinin eyni zamanda yoxsulluğun 5,3 faizə enməsi ilə nəticələndiyini, BMT İnkişaf Proqramının 2013-cü ilə dair “İnsan İnkişafı Hesabatı”na əsasən, Azərbaycanın insan inkişafı indeksinin orta illik artım tempinə görə MDB məkanında ilk yerə layiq görüldüyünü bildirib.

Respublikamızda əhalinin sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarının inkişafı, işçi resurslarının keyfiyyətinin yüksəldilməsi, əmək hüquqlarının təminatı sahələrində görülən işlər və onların müsbət nəticələri barədə söz açan S.Müslümov bu sahələrdə aparılan islahat tədbirlərinin dünya təcrübəsindən irəli gələn müasir yanaşmalara istinad etdiyini vurğulayıb: “Əmək və sosial müdafiə sahəsində ayrı-ayrı ölkələrlə əməkdaşlıq, qarşılıqlı təcrübə mübadiləsi bizim üçün əsas fəaliyyət prinsipidir. Azərbaycan Respublikası ilə Niderland Krallığı arasında siyasi, iqtisadi və digər sahələrdə daim inkişaf edən əlaqələr əmək və sosial müdafiə sahəsində də fəal əməkdaşlığa şərait yaradır”.

Rene Van der Linden Azərbaycanda, bütün sahələrdə olduğu kimi, rifah səviyyəsinin yüksəldilməsi sahəsində də aparılan uğurlu işlərin ölkəsi tərəfindən maraqla izlənildiyini və iki ölkə arasında əməkdaşlıq əlaqələrinin qeyd edilən sahələr üzrə də genişləndirilməsinin məqsədyönlü olduğunu vurğulayıb.

Görüşdə Azərbaycanla Niderland Krallığı arasında əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Trend.az