Azərbaycanla Meksika enerji sahəsində təcrübə mübadiləsi aparacaq

Posted by

Azərbaycanla Meksika enerji sahəsində təcrübə mübadiləsi aparacaq

Azərbaycanla Meksika arasında enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və təcrübə mübadiləsi aparılması imkanları araşdırılır.

 

Gün.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov və Meksika Senatı xarici əlaqələr komitəsinin üzvləri arasında görüşdə müzakirə olunub.

 

Görüşdə E.Nəsirov Azərbaycanla Meksika arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini və əməkdaşlığın inkişafında parlamentlərarası əlaqələrin rolunu qeyd edib.

 

O, dünyada sənaye üsulu ilə ilk neft quyusunun Azərbaycanda qazıldığını, neftin tankerlərlə, dəmir yolu ilə, boru kəmərləri ilə nəql edilməsinə, emal olunmasına, sahildə, açıq dənizdə, Xəzərin dərinsulu hissələrində neft yataqlarının kəşfiyyatına və istismarına ilk dəfə Azərbaycanda başlanıldığını bildirib.

 

SOCAR-ın vitse-prezidenti son illər ölkədə həyata keçirilən qlobal və regional əhəmiyyətli neft-qaz layihələri haqqında da məlumat verib. O, həmin layihələr çərçivəsində əldə olunan nailiyyətlərdən, xüsusilə, Avropanın enerji təhlükəsizliyi baxımından Azərbaycanın önəmli rol oynamasından danışıb.

 

Meksika Senatı xarici əlaqələr komitəsinin sədri Qabriela Cuevas Barron Azərbaycanın çox önəmli ölkə olduğunu, son dövrdə nail olunan inkişaf göstəricilərinin heyranlıq doğurduğunu bildirib.

 

O, Azərbaycanın iqtisadi və sosial sahədə qazandığı uğurların və inkişaf təcrübəsinin örnəyə çevrildiyini diqqətə çatdırıb.