Azərbaycanla Braziliya fəaliyyət planı imzaladı
Bu gün gənclər və idman naziri Azad Rəhimov Braziliya Federativ Respublikasının idman naziri Aldo Rebelonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hər iki ölkənin naziri bir sıra mövzular ətrafında müzakirələr apararaq, tərəflər arasında qarşılıqlı əməkdaşlığın vacibliyindən söz açıblar.
A.Rəhimov qeyd edib ki, Bakıda təşkil edilən Humanitar Forumda, Gənclər Siyasəti üzrə I Qlobal Forumda və digər beynəlxalq layihələrdə braziliyalı gənclər çox aktiv iştirak edib və onlarla səmərəli görüşlər keçirilib: “Azərbaycan bir sıra beynəlxalq layihələrə ev sahibliyi edən ölkədir. İstər idman, istərsə də gənclər sahəsində Braziliyalı gəncələri görmək bizim üçün xoşdur”.
Nazir eyni zamanda, Azərbaycanın Braziliya ilə sıx əməkdaşlığa daim hazır olduğunu, bu münasibətlərin gələcəkdə daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu diqqətə çatdırıb.
A.Rebelo Bakıda olmaqdan məmnunluq hissini dilə gətirib, bu şəhərin qədim ənənələrə malik olduğunu bildirib: “Mən bilirəm ki, Azərbaycan idman sahəsində çox inkişaf etmiş bir ölkədir. Son zamanlar Azərbaycanda dünya miqyasında idman yarışlarının təşkil edilməsi bu ölkənin dünyada idman sahəsində tutduğu yüksək mövqeyini göstərir. Biz idman sahəsində Azərbaycanla əməkdaşlıq etməkdə daim maraqlıyıq. Bildiyiniz kimi Braziliya 2016-cı ildə Yay Olimpiya oyunlarına ev sahibliyi edəcək. Azərbaycanın da ilk dəfə Avropa oyunlarına ev sahibliyi etdiyini nəzərə alsaq, demək ki, bizim maraqlı təcrübə mübadiləmiz ola bilər”.
Braziliyalı nazir eyni zamanda, gələcəkdə hər iki ölkə arasında müxtəlif sahələrdə birgə tədbirlərin keçirilə biləcəyini də diqqətə çatdırıb.
Müzakirələrdən sonra hər iki ölkənin naziri ikitərəfli əməkdaşlıq haqqında fəaliyyət planı imzalayıb.
Trend.az