Azərbaycanlı əmək miqrantları Rusiyadan geri qayıdacaqlarmı?

Posted by

Azərbaycanlı əmək miqrantları Rusiyadan geri qayıdacaqlarmı?Azərbaycanlı əmək miqrantları Rusiyadan geri qayıdacaqlarmı?

Azərbaycanlı əmək miqrantları Rusiyadan geri qayıdacaqlarmı?

Rusiya tərəfindən 2015-ci il yanvarın 1-dən əmək miqrantları üçün yeni qaydaların tətbiqi nə Azərbaycanın əmək bazarı, nə də miqrantların özləri üçün heç bir təhlükə kəsb etmir. Bu barədə cümə axşamı Trend-ə Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının Məşğulluq siyasəti və əmək bazarının tənzimlənməsi şöbəsinin müdiri Vahab Məmmədov deyib.

 

Qeyd edək ki, 2015-ci il yanvarın 1-dən Rusiyada əmək miqrantlarının kvotalanmasının ləğv edən qanun qüvvəyə minəcək. Bunun əvəzində onlar bir illik icazə patenti almalıdırlar. Moskvada o, ayda 4 min rubla [75,5 dollar] başa gələcək. Patent əldə etmək üçün əcnəbilər tibbi arayış, rus dili, Rusiya qanunvericiliyinin əsasları və Rusiya tarixi haqqında imtahanın nəticələri haqqında sertifikat təqdim etməlidirlər.

 

Məmmədovun sözlərinə görə, Federal Miqrasiya Xidmətində (FMX) 600 mindən yuxarı azərbaycanlı qeydiyyata alınıb. Onlar bu və ya başqa şəkildə Rusiya Federasiyasının ərazisində əmək fəaliyyətinə cəlb ediliblər: “Onların hamısı artıq öz fəaliyyətlərini leqallaşdırıblar. Bəziləri hətta əmək fəaliyyəti lisenziyasına malikdirlər. Ona görə də bunun [yeni qaydanın] Azərbaycandan olan əmək miqrantları üçün hansısa sosial problemlə yaradacağına heç bir ilkin şərt və ehtimal yoxdur”.

 

Onun sözlərinə görə, icazə patentinin tətbiqi prinsipi təsdiq edilmiş sxemdir: “Əvvəllər belə sistem fiziki şəxslərə tətbiq edilirdi. Fərq ondan ibarətdir ki, indi o hüquqi şəxslərə, işəgötürənlərə də şamil ediləcək. Həm də bu, Rusiyada vizasız rejimdə olan ölkələrin vətəndaşlarına tətbiq ediləcək. Yəni digər ölkələr üçün kvotalaşdırma məsələsi qüvvədə qalır”.

 

Nazirlik rəsmisinin fikrincə, belə bir qərarın Azərbaycan vətəndaşları üçün heç bir mənfi təsiri olmayacaq: “Rusiyanın əmək bazarı üçün say ifadəsində əsas miqrasiya yüklənməsini Özbəkistan, Ukrayna və Tacikistan vətəndaşları təşkil edirlər. Yəni, Azərbaycan vətəndaşları üçün hansısa mənfi təsir görünmür. Bundan başqa, Rusiya dəfələrlə qanunvericilikdə müvafiq dəyişikliklər edib, bu, 2006-cı ilin noyabrında və sonrakı illərdə olub. Həmin məsələlər ölkələrimizin ikitərəfli əməkdaşlığı əsasında nizamlanıb. Biz FMX ilə də, Rusiyanın Əmək və Sosial Müdafiə Nazirliyi ilə də fəal əməkdaşlıq edirik, odur ki, bizim onlarla problemimiz yoxdur və gözlənilmir”.

 

Onun sözlərinə görə, ölkəmizin əmək bazarı üçün də heç bir təhlükə yoxdur: “Hər bir ölkə öz əmək bazarını leqallaşdırmaqdan ötrü müvafiq tədbirlər görür. Məsələn, hər il ölkəmizdə əcnəbi işçi qüvvəsi üçün kvotalar qəbul edilir, bunu çərçivəsində həmin proseslər tənzimlənir. Rusiya son on il ərzində dəfələrlə oxşar qərarlar qəbul edib, ona görə də heç bir təsirli nəticələr gözlənilmir. Bu, əsasən Rusiya ərazisində xeyli sayda əmək miqrantlarına malik olan Mərkəzi Asiya ölkələrinə, xüsusilə Özbəkistana və Tacikistana təsir edə bilər”.

 

Məmmədov hesab edir ki, ekspertlərin gözləntilərinə baxmayaraq, dəyişikliklər nəticəsində qeyri-leqallar artıq olmayacaq: “FMX-nin məlumatına görə, hazırki mərhələdə haradasa 5 milyona yaxın əcnəbi işçi Rusiya ərasizində qeyri-leqal fəaliyyət göstərir. Bu sahədə hər hansı bir normativ dəyişiklik qeyri-leqal əmək miqrasiyası probleminin həllinə yönəlib. Bazar iqtisadiyyatının qanunları var. Əgər işəgötürən bilavasitə əcnəbi işçi qüvvəsinin cəlb edilməsinə maraq göstərirsə, onda o, bu prosesin maliyyələşdirlməsinə də maraq göstərəcək. Və əgər milli və ya əcnəbi işçi qüvvəsinin tutulması kimi konkret seçim qarşıya qoyularsa, onda işəgötürən seçəcək. Rusiyada da, Azərbaycanda da müəyyən qaydalar var ki, əgər onlar pozularsa, onda işəgötürənlər böyük məbləğdə cərimələrlə üzləşəcəklər. Məsələn, Azərbaycanda bu cərimə 30 min manat təşkil edir”.

 

Onun sözlərinə görə, postsovet məkanındakı digər ölkələrdən fərqli olaraq Azərbaycanda əmək miqrantlarının cəlb edilməsinin məsuliyyəti və bütün xərclərini tamamilə işəgötürən daşıyır: “Rusiyada bu öhdəlik miqrantlarla işəgötürənlər arasında bölünüb. Ona görə də məsuliyyəti əsasən miqrant özü daşıyır. Eyni zamanda, Rusiya işə icazə verilməsi tələblərini də sərtləşdirib. Bu, hər şeydən əvvəl rus dilini, qanunvericiliyi və tarixi bilməklə bağlıdır. Bu, normal yanaşmadır, çünki orada yaşayan və işləyən adamlar etnik mədəniyyət haqqında hansısa anlayışa malik olmalıdırlar. Və istənilən Aİ ölkəsində eynilə bu cür tələblər mövcuddur”.

 

Trend.az