Azərbaycanlı girovlarla bağlı Avropa Parlamentinə müraciət edildi
Avropa Azərbaycanlıları Konqresi (AAK) Avropa Parlamentinə müraciət edib.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, AAK Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Muiznieksə müraciət ünvanlayıb. 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar edilmiş müraciətdə Dağlıq Qarabağda girov götürülən və barələrində qondarma məhkəmə prosesi aparılan soydaşlarımız Şahbaz Quliyev və Dilqəm Əsgərov barədə məlumat verilir.
Müraciətdə Ermənistanın Azərbaycanın 20 faiz torpağını işğal etməsi, Azərbaycan torpaqlarının azad edilməsinə dair BMT-nin qəbul etdiyi qətnamələr xatırladılır. Daha sonra 2014-cü il iyulun 12-də doğulduqları torpaqlarda əzizlərinin məzarını ziyarət etməyə gedərkən Ş.Quliyev və D.Əsgərovun Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülməsi, Həsən Həsənovun isə öldürülməsi faktı vurğulanır. Müraciətdə, həmçinin qondarma rejimin bu insanlarla bağlı “məhkəmə” prosesinə başlamasının qanunsuz olduğu bildirilir.
Avropa Azərbaycanlıları Konqresi Beynəlxalq İnsan Hüquqları Günündə Avropa ictimaiyyətini insan hüquqlarının norma və prinsiplərinin pozulmasına biganə qalmamağa çağırıb. Azərbaycanlı girovların həyatının hər an təhlükədə olduğu vurğulanan müraciətdə təşkilat Ş.Quliyev və D.Əsgərovun pozulmuş hüquqlarının bərpası istiqamətində yardım göstərilməsini tələb edir.
N.Muiznieksə müraciətdə belə deyilir: “Biz dünya ictimaiyyətini beynəlxalq hüquq normaları çərçivəsində və ikili standartlara yol vermədən Ermənistanın işğal siyasətinə münasibət bildirməyə, insanların pozulmuş hüquqlarının müdafiəsi və bərpası üçün birlik və obyektivlik mövqe nümayiş etdirməyə çağırırıq”.
Trend.az