Azərbaycanlı deputatlar Serbiyada keçirilən növbədənkənar parlament seçkilərini müşahidə etmişlər
Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov və deputat Astan Şahverdiyev martın 16-da Serbiyada keçirilən növbədənkənar parlament seçkilərini müşahidə etmişlər. Deputatlar ATƏT Parlament Assambleyasının 17 mart tarixli hesabatında öz müşahidələrinin nəticələri barədə bəyanat verərək, seçkilərin beynəlxalq norma və standartlara, eləcə də Serbiya qanunvericiliyinə uyğun, şəffaf və demokratik şəraitdə keçdiyini bildirmişlər.
Səfər çərçivəsində azərbaycanlı deputatlar Serbiya parlamentində olmuş, Serbiya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri İrena Vuyoviç və digər serbiyalı həmkarları ilə görüşmüşlər. İki ölkə arasında mövcud münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən məmnunluq ifadə olunan görüşdə əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyi vurğulanmışdır. Bu istiqamətdə ölkələrimizin parlamentləri arasında əməkdaşlığın gücləndirilməsinin və qarşılıqlı səfərlərin intensivləşdirilməsinin əhəmiyyəti diqqətə çatdırılmışdır.
Deputatlar, həmçinin ölkəmizin Serbiyadakı səfirliyinin əməkdaşları ilə birgə Azərbaycan hökumətinin dəstəyi ilə təmir və bərpa edilmiş Taşmaydan parkını ziyarət etmiş, burada ümummilli lider Heydər Əliyevin, eləcə də görkəmli serb yazıçısı Milorad Paviçin heykəllərinin və Belqrad şəhərinin bombalanması zamanı həlak olmuş uşaqların xatirə lövhəsinin önünə tər çiçəklər qoymuşlar.
E.İbrahimov və A.Şahverdiyev Azərbaycanın Serbiyadakı səfirliyində olmuş, Üzeyir Hacıbəylinin Prezident İlham Əliyevin təşəbbüsü və Azərbaycan hökumətinin dəstəyi ilə Novi Sad şəhərində, Dunay çayının sahilində ucaldılmış büstünü ziyarət etmişlər.
AzərTac.az