Asəf Hacıyev: “İstanbula köçməli olacağam”
Qara Dəniz İqtisadi Əməkdaşıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) bu gün Afinada keçirilən 44-cü sessiyasında azərbaycanlı deputat Asəf Hacıyev PA-nın baş katibi seçilib.
Bu barədə APA-ya açıqlamasında A. Hacıyev özü bildirib.
O qeyd edib ki, səsvermədə müxtəlif ölkədən 57 deputat iştirak edib, deputatlardan 47-si onu dəstəkləyib, 10-u isə ukraynalı namizəd, indiyə qədər baş katib olmuş Kiril Tretyaka səs verib: “Beləliklə, 3 il bu vəzifəni icra edəcəyəm. Baş katiblik İstanbulda yerləşdiyi üçün vəzifəmin icrası ilə əlaqədar ora köçməli olacağam”.
Qeyd edək ki, A. Hacıyev QDİƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəridir.
Apa.az