Azərbaycandakı termal sulardan alternativ enerji mənbəyi kimi istifadə imkanları araşdırılır

Posted by

Azərbaycandakı termal sulardan alternativ enerji mənbəyi kimi istifadə imkanları araşdırılırAzərbaycandakı termal sulardan alternativ enerji mənbəyi kimi istifadə imkanları araşdırılır

Azərbaycandakı termal sulardan alternativ enerji mənbəyi kimi istifadə imkanları araşdırılır

Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutu (GGİ) termal suların ocaqlarından alternativ enerji mənbəyi kimi istifadə edilməsi məqsədi ilə tədqiqatlar aparır.

 

Institutdan Trend-ə verilən məlumata görə, bütün səylərini bu ocaqların yerləşmə koordinatlarının müəyyən edilməsinə yönəltmiş alimlər respublikamızda geniş yayılmış termal suların yüksək enerji potensialına malik olmasına əmindirlər.

 

GGİ-nin Hidrogeologiya və mühəndisi-geologiya şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru Yusif İsrafilov bildirir ki, tədqiqatların hazırkı mərhələsində respublikanın dağlıq, dağətəyi və düzənlik ərazilərində termal su ocaqlarının fəza strukturu, kəmiyyət və keyfiyyət göstəriciləri, formalaşma qanunauyğunluqları, miqrasiya yolları və termodinamiki parametrləri öyrənilib. Suların mənbələrinə dair məlumat bazası hazırlanıb, yer səthinə qalxmasının mexanizmi müəyyənləşdirilib. Termal suların və onları müşayiət edən qazların izotop analizləri də aparılıb. Analizlərin nəticəsinə əsasən, termal suların istilik mənbələri ilə mantiya flüidləri arasında əlaqə olduğu ehtimal edilir.

 

Yüksək temperaturlu termal sulardan enerji almağın mümkün olduğunu söyləyən Y.İsrafilov əlavə edir ki, bu cür texnologiyalar dünyada geniş tətbiq olunur və özünü doğrulub. GGİ-nin alimləri sözügedən tədqiqatlarda dünya təcrübəsindən lazımınca faydalanır. Hazırda GGİ-nin alimlərinin qarşısında duran əsas məsələ Azərbaycandakı termal suların mənbələrinin koordinatlarını dəqiq müəyyən etməkdir. Bu ocaqların yeri dəqiqləşdirilərsə, quyu qazmanın elmi əsaslı imkanları müvafiq dövlət qurumuna təklif olunacaq.

 

Araşdırmalar Rusiya Elmlər Akademiyası Geologiya İnstitutunun şöbə rəhbəri, geologiya-mineralogiya elmlər doktoru Vasiliy Lavruşinlə birgə aparılır.

 

Termal sulardan səmərəli istifadə etmək məqsədilə respublika ərazisinin rayonlaşma xəritəsinin tərtibi nəzərdə tutulur.

 

APA.az