Azərbaycanda yeni Əlahiddə Ümumqoşun Ordusu yaradılıb
Bu gün Müdafiə Nazirliyində kollegiya üzvlərinin iştirakı ilə geniş tərkibli iclas keçirilib.
Trend-in Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, tədbirdə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini general-leytenant Vahid Əliyev, Azərbaycanın hərbi prokuroru ədliyyə general-leytenantı Xanlar Vəliyev, Milli Təhlükəsizlik Nazirliyinin Baş İdarə rəisi general-mayor Nizami Şirinov da iştirak ediblər.
Prezident Administrasiyası rəhbərinin müavini general-leytenant V.Əliyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 18 dekabr 2013-cü il tarixində imzaladığı Azərbaycan Respublikası Müdafiə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə fərmanı kollegiya iştirakçılarına elan edib.
Fərmana əsasən, Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, Silahlı Qüvvələrin hissə və bölmələrinin döyüş qabiliyyətinin artırılması, bir mərkəzdən idarəetmənin təkmilləşdirilməsi məqsədilə 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusu yaradılıb və general-leytenant Kərəm Mustafayev komandan vəzifəsinin icrasına buraxılıb.
Kollegiya iclasında Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin 2013-cü ildə döyüş xidməti hazırlığının yekunları və 2014-cü tədris ilində vəzifələri haqqında geniş məruzə ilə çıxış edib.
Müşavirədə son dövrlərdə Silahlı Qüvvələrdə həyata keçirilən islahatlar, döyüş hazırlığının vəziyyəti, quruculuq işləri və bir çox xidməti məsələlər müzakirə edilib, müvafiq tapşırıqlar verilib.