Azərbaycanda xəstəliklərə diaqnozun qoyulmasında yeni sistem tətbiq ediləcək
Azərbaycanda xəstəliklərə simptomlara görə diaqnoz qoyulmasının elektron sistemi yaradılacaq. Bu barədə Trend-ə “Doctormap” layihəsinin rəhbəri Fərid Fərhadov bildirib.
“Doctormap” layihəsi Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun maliyyə dəstəyi hesabına reallaşır. Layihənin reallaşdırılmasına Dövlət Fondu tərəfindən 20 min manat vəsait ayrılıb.
F.Fərhadovun sözlərinə görə, sistem ilkin diaqnozun effektivliyi ilə müqayisə edilə bilən olacaq və hansı həkimə müraciət etməyin lazım olduğu barədə tövsiyə verəcək: “İlkin diaqnozun təyini “doctormap.az” səhifəsində mümkün olacaq. Sistemin istifadəçisinin onu narahat edən simptomları göstərməsi kifayətdir, bundan sonra sistem həkim-mütəxəssisi avtomatik olaraq müəyyən edəcək. Xidmət vətəndaşlar üçün ödənişsiz olacaq”.
“Doctormap” layihəsi aktiv xəritədən ibarətdir ki, orada xəstəxanaların və həkimlərin yerləşdikləri obyektlər göstərilib. Saytda təqdim edilmiş həkim-mütəxəssislərin sayı məhdudlaşdırılmış olacaq.
F.Fərhadovun sözlərinə görə, əsas meyar yüksəkixtisaslı həkimlərin seçimidir. Sistemdə həkimlərin qeydiyyatı ödənişli əsasda aparılır: “Gələcək planlara “Onlayn-aptek” modulunun da buraxılması daxildir. Onun əsas xüsusiyyəti lazımlı dərmanın apteklərin təqdim olunmuş bütün məlumat bazalarında axtarışını asanlaşdırmaqdır. İstifadəçi ona lazım olan preparatın qiymətini əyani şəkildə müqayisə edə biləcək”.
Trend/az