Azərbaycanda uşaqların ekoloji hüquqları mövzusunda açıq dərs keçirilib
Ombudsman təsisatı və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsinin birgə təşkilatçılığı ilə Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksində şagirdlər üçün ekoloji hüquqlar mövzusunda açıq dərs keçirilib.
Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə həmin məktəb-lisey kompleksinin şagirdləri və müvəkkilin uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin (AUGSŞ) üzvləri iştirak ediblər. Açıq dərsdə ARDNŞ-nin Ekologiya İdarəsinin əməkdaşları uşaq və gənclərə ekoloji hüquqlar barədə ətraflı məlumat veriblər.
Ombudsman Aparatının əməkdaşı Gülnar Rəhimova Azərbaycan Respublikası Konstitusiyasında digər hüquqlarla yanaşı, hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququnun təsbit edildiyini, ölkəmizdə ekoloji problemlərin həllinə diqqət yetirildiyini vurğulayıb. Ətraf mühitin saflığının qorunmasının, təbii sərvətlərdən səmərəli istifadənin, ekoloji hüquqların müdafiəsinin zəruriliyi önə çəkilib, hər bir kəsin bu istiqamətdə öz töhfəsini verməsi vacib hesab edilib. Müvəkkilin çoxşaxəli fəaliyyətində ekoloji hüquqların müdafiəsi və təmininin də mühüm yer tutduğu vurğulanıb. Əhalinin ekoloji təfəkkürünün və ekoloji mədəniyyətinin daha da inkişaf etdirilməsi, xüsusilə gənc nəslin təlim-tərbiyəsində müvafiq sahə üzrə hüquqi biliklərin təbliği və aşılanması üçün ombudsmanın tədbirlər təşkil etdiyi bildirilib.
AUGSŞ-nin üzvləri bu şəbəkənin fəaliyyəti, eyni zamanda ölkəmizdə ətraf mühitin mühafizəsi istiqamətində gördükləri işlər, ekoloji bilgilərə yiyələnmələri və bu bilgilərin yaşıdlarına aşılanması barədə uşaqları məlumatlandırıblar. Təbiəti, ətraf mühiti böyüklərlə yanaşı, uşaq və gənclərin də qorumasının zəruriliyi vurğulanıb, ekoloji biliklərə dərindən yiyələnmək tövsiyə olunub.
Açıq dərs canlı diskussiya, interaktiv müzakirələrlə başa çatıb, uşaqlar təşkilatçılara öz səmimi təşəkkürlərini bildiriblər.
Tədbirdə uşaqların çoxsaylı sualları cavablandırılıb.