Azərbaycanda tikintiyə icazə ilə bağlı mühüm dəyişikliklər təsdiq edildi
Azərbaycan Prezidenti İlham Əliyev Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında Qanunu təsdiq edib.
Trend-in məlumatına görə, məcəlləyə edilən dəyişikliyə əsasən, tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan və müvafiq icra hakimiyyəti orqanı tərəfindən tikintinin təyinatına uyğun olaraq müəyyən edilən aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərir. Həmin sorğuya 1 ay müddətində yox 15 gün müddətində rəy bildirilməlidir. Bu müddət ərzində aidiyyəti qurumlar tərəfindən rəy bildirilmədikdə, müvafiq icra hakimiyyəti orqanı iradların olmaması prezumpsiyasından çıxış edir (75.4-cü maddə).
Eyni zamanda Məcəlləyə edilən dəyişikliyə əsasən 80.1-1-ci maddə əlavə edilib. Bu maddədə qeyd edilir ki, insanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrinin sayı ikidən, hər mərtəbəsinin hündürlüyü 3 metrdən, ümumi sahəsi 1400 kvadratmetrdən və tikinti sahəsi 1000 kvadratmetrdən çox olmayan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və tikinti layihəsinin yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur.
Məcəllənin 75.6-cı maddəsinə edilən dəyişikliyə görə isə, müvafiq icra hakimiyyəti orqanı tikintiyə dair ərizəyə daxil olmuş rəylər nəzərə alınmaqla, həmin ərazi üzrə müfəssəl plan olduqda 1 ay müddətində, belə plan olmadıqda və ya onun müddəti bitdikdə 3 ay müddətində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir.
75.1-ci maddəyə edilən əlavəyə görə, barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən tikintiyə icazə verilməlidir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinəəsasən yoxlanılır.
80.3-cü maddədə edilən əlavəyə görə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan yaşayış evinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin bu Məcəllənin 11-ci maddəsinə (Şəhərsalma sənədlərinə uyğunluğun təmin edilməsi), o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır.
80.4-cü maddəyə edilən dəyişkliyə görə, sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir və yaşayış evinin layihəsinin memarlıq-planlaşdırma bölməsini bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən 1 ay müddətində (əvvəlki məcəllədə 3 ay göstərilirdi) layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər.
82.2-ci maddəyə edilən dəyişikliyə görə, məlumatlandırma icraatı ilə bağlı tikinti niyyəti barədə müraciətin daxil olduğu vaxtdan 1 ay ərzində (əvvəlki məcəllədə 3 ay qeyd olunurdu) tikinti layihəsinə irad olmadıqda, müvafiq icra hakimiyyəti orqanı həmin müddətin bitdiyi vaxtdan 3 iş günü ərzində barəsində məlumatlandırma icraatının tətbiq olunduğu obyektin tikintisi haqqında müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir.
Trend.az