Taksi sürücüləri xüsusi hazırlıq kursları keçməli olacaqlar
Azərbaycanda taksi minik avtomobilləri ilə bağlı xüsusi qaydalar tətbiq olunur, taksi sürücüləri üçün xüsusi hazırlıq mərkəzləri yaradılacaq və ayrıca lisenziya kartları tətbiq olunacaq.
Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Azərbaycan Prezidentinin təqdimatı ilə “Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişiklik və əlavələr təklif edilir.
Qanuna təklif olunan 14.2.8-1 maddəsinə görə, yük və sərnişin daşıma avtomobilləri üçün lisenziyanın verilməsi üçün tələb olunan şərtlər sırasına taksi minik avtomobilləri üçün şərt əlavə olunur və belə adlanır: “Taksi minik avtomobilləri ilə sərnişin daşınması üçün nəzərdə tutulmuş avtonəqliyyat vasitəsinin təchiz olunduğu taksometrin metroloji yoxlamadan keçməsini təsdiq edən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən akkreditasiya olunan qurumlar tərəfindən verilmiş yoxlama haqqında şəhadətnamə”.
Qanunun 15-ci maddəsinin (Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının lisenziyalaşdırılmasının xüsusiyyətləri) 1-ci hissəsinə təklif edilən əlavəyə görə sərnişin daşıma ilə bağlı lisenziya sadələşdirilir və verilən lisenziya kartının imkanları genişləndirilir: “Lisenziya kartı daşıyıcının həmin avtonəqliyyat vasitəsi ilə sərnişin və yük daşımalarını həyata keçirmək üçün xüsusi razılığa (lisenziyaya) malik olduğunu təsdiq edir, müvafiq xüsusi razılıq (lisenziya) verilərkən təqdim edilir”.
Qanunun 8-ci maddəsinin (Avtonəqliyyat vasitələrinin qeydiyyatı) 2-ci hissəsinə təklif olunan əlavə ilə taksi minik avtomobilləri üçün yeni və güzəştli qayda tətbiq edilir: “Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına xüsusi razılıq (lisenziya) verilərkən və həmin avtomobillərlə sərnişin daşımalarının həyata keçirilməsi zamanı avtonəqliyyat vasitəsinin texniki, istismar, təhlükəsizlik və ekoloji tələblərə uyğunluğu “Yol hərəkəti haqqında” qanunla müəyyən edilmiş qaydada verilən nəqliyyat vasitəsinin texniki baxış talonu ilə müəyyən edilir”.
Taksilər üçün daha bir güzəşt və yeni qayda qanunun 27-ci maddəsinin (Sərnişin avtomobil nəqliyyatı vasitələrinin sürücülərinə dair tələblər) 2-ci hissəsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Belə ki, “Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına “B” kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, yaşı 19-dan və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi bir ildən az olmayan sürücülər buraxılır” cümləsində, “19-dan və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi bir ildən az olmayan” sözləri, “21-dən az olmayan, iki ildən artıq müddətdə mülkiyyətində və ya digər qanuni əsaslarla istifadəsində (etibarnamə və s) olan avtonəqliyyat vasitəsini idarə edən” sözləri ilə əvəz edilir.
Qanuna təklif edilən digər əlavədə isə Azərbaycanda taksi sürücüləri üçün xüsusi hazırlıqların keçirilməsi və ondan irəli gələn şərtlər göstərilir. 27-ci maddənin 3-cü hissəsinə təklif edilən əlavədə deyilir ki, “Taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidir. Taksi minik avtomobillərinin sürücüləri üçün xüsusi hazırlığın keçirilməsi qaydası, proqramı və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Xüsusi hazırlıq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilir və keçirilir”.
Dəyişiklik və əlavələr layihəsi Milli Məclisin oktyabrın 20-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Apa.az