Azərbaycanda rezidenturaya qəbul imtahanının keçirilmə mərhələləri artırılacaq
Azərbaycanda baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsi üzrə qəbul imtahanının keçirilməsi çətinləşdiriləcək, imtahanın keçirilmə mərhələləri artırılacaq.
Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, hazırda rezidenturaya imtahanlar iki mərhələdə keçirilir. İlk mərhələdə test imtahanları əsas fənləri, ikinci mərhələdə isə ixtisas fənlərini əhatə edir. Gələcəkdə isə imtahanların üçüncü mərhələsinin – simulyator və manekenlərdə təcrübənin keçirilməsi planlaşdırılır.
Azərbaycanda rezidenturaya qəbul imtahanının keçirilməsinə 2011-ci ildən başlanılıb. Həmin il rezidentura səviyyəsində 37 ixtisas üzrə həkim-mütəxəssislərin hazırlığına başlanılıb. 2011-ci ildə imtahanlarda iştirak etmiş 1063 namizədin 819-u həmin ilin məzunu olub. 2014-cü ildə isə imtahanda iştirak etmiş 1414 namizədin 666-sı bu ilin məzunları olub.
Trend.az