Azərbaycanda prezident seçkiləri ilə bağlı seçkiqabağı təşviqat kampaniyası başa çatdı
Bu gün saat 8.00-da seçkiqabağı təşviqat kampaniyası sona yetib. Trend-in məlumatına görə, seçkiqabağı təşviqatın aparılması qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən səsvermə gününə 23 gün qalmış başlanıb və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılıb.
2013-cü ilin prezident seçkilərində təşviqat kampaniyası sentyabrın 16-dan başlayıb, oktyabrın 8-də saat 8.00-da dayandırılıb.
Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.
Prezident seçkisində 10 namizəd mübarizə aparacaq. Bunlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, “Demokratik Qüvvələrin Milli Şurası” Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.