Azərbaycanda peşə məktəblərində mürəkkəb peşələr üzrə kadr hazırlığına üstünlük veriləcək
Azərbaycanda peşə təhsili müəssisələrində mürəkkəb peşələr üzrə kadr hazırlığının aparılmasına üstünlük veriləcək.
Trend-in məlumatına görə, Təhsil Nazirliyinin Peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov jurnalistlərə bildirib ki, bundan sonra daha mürəkkəb peşələr – nəqliyyatın daha müasir sahələri, yaşıl texnologiya, alternativ enerji, İKT sahələri üzrə kadrlar hazırlanacaq. Çünki mövcud tendensiyaya görə, sadə peşələrin sayı azalmaqdadır: “Artıq müəyyən texnoloji prosesləri yerinə yetirən insan robotla əvəzlənir. Yüksək təfəkkürlü, təşəbbüskarlıq qabiliyyəti yüksək olan insanlara ehtiyac yaranır. Biz işəgötürənlər üçün işçi hazırlamaqla yanaşı, gələcəyin işə götürənlərini də hazırlamalıyıq”.
N.Məmmədov deyib ki, Avropa İttifaqının araşdırmalarına əsasən, 2020-ci ilədək Avropa əmək bazarında sadə peşələr üzrə hazırlanan kadrlara tələbat 5% azalacaq. Onun sözlərinə görə, bu göstərici 34%-dən 29%-ə düşəcək. Mürəkkəb peşələr üzrə kadr hazırlığına tələbat isə 5-7% artacaq: “Bu, faiz baxımından kiçik görünsə də, böyük rəqəmləri əhatə edir. Belə ki, 2020-ci ilə kimi mürəkkəb peşələr üzrə 35-40 milyon iş yeri açılacağı təqdirdə, sadə peşələr üzrə 30 milyona yaxın iş yerləri bağlanacaq”.