Azərbaycanda müəllim işləmək istəyənlər üçün vakant yerlərin sayının azalacağı gözlənilir

Posted by

Azərbaycanda müəllim işləmək istəyənlər üçün vakant yerlərin sayının azalacağı gözlənilir

Azərbaycanda müəllim işləmək istəyənlər üçün vakant yerlərin sayının azalacağı gözlənilir

Azərbaycanda müəllim işləmək istəyənlər üçün vakant yerlərin sayının azalacağı gözlənilir

Bu il Azərbaycanda orta məktəb və peşə liseylərində müəllim işləmək istəyənlər üçün müsabiqəyə təqdim ediləcək vakant yerlərin sayının azalacağı gözlənilir.

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev Trend-ə bildirib ki, ötən il nazirlik tərəfindən müəllimlərin işə qəbulu üzrə 3286 vakant yer müsabiqəyə çıxarılmışdı. Lakin müəllimlərin həftəlik dərs yükünün yuxarı həddinin 24 saatdan 36 saata qaldırılması ilə əlaqədar cari ildə vakansiyanın sayının aşağı düşməsi proqnozlaşdırılır.

Onun sözlərinə görə, keçən il ən çox vakansiya biologiya fənni üzrə olub. Kimya, coğrafiya, fizika və Azərbaycan dili və ədəbiyyatı fənləri üzrə də vakant yerlərin sayı çox olub. Bölgələrdə vakant yerlərin çox olması buradakı məktəblərdə azsaatlı vakansiyaların sayının çoxluğu ilə izah oluna bilər. Belə ki, həmin dərslərin tədrisi əməkhaqqına cüzi təsir etdiyi üçün müəllimlər tərəfindən bu yerlərə maraq azdır.

İ.Nağıyev qeyd edib ki, Azərbaycan Respublikası təhsil nazirinin 21.04.2014-cü il tarixli 445 nömrəli əmri ilə təsdiq edilmiş ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu ilə əlaqədar qaydalarda hazırda təhsil müəssisələrində işləyən müəllimlərin yerdəyişməsinin həyata keçirilməsi üzrə də yeni mexanizmlər nəzərdə tutulub. Belə ki, daimi əsaslarla işləyən müəllimlərin bir rayon (şəhər) daxilində yerdəyişməsi təhsil müəssisəsinin direktorunun rəyi nəzərə alınmaqla, tabelik üzrə təhsili idarəetmə orqanı tərəfindən həyata keçiriləcək. İş yerini bir rayondan (şəhərdən) başqa rayona (şəhərə) dəyişmək istəyən müəllimlər isə Təhsil Nazirliyinə müraciət etməli olacaqlar. Həmin müəllimlərin yerdəyişməsi mərkəzləşdirilmiş qaydada iki mərhələli müsabiqə yolu ilə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi və müsahibə) proqram təminatı tətbiq olunmaqla həyata keçiriləcək. Müsabiqədə iştirak etmək istəyən müəllimlər üçün xüsusi tələblər irəli sürülməsə də, bu proses zamanı onların peşə kompetensiyaları, pedaqoji fəaliyyəti dövründə əldə etdiyi nailiyyətləri və peşəkar inkişafı xüsusi qaydada qiymətləndiriləcək.

Nazirlik rəsmisi bildirib ki, müsabiqənin sonrakı illərdə də bu formada keçirilməsi nəzərdə tutulur. Lakin gələcəkdə dəyişən reallıqlara müvafiq olaraq bu qaydalarda dəyişikliklərin olması ehtimalı hər zaman mövcuddur.

Nazirlik rəsmisi onu da əlavə edib ki, ümumtəhsil məktəblərində müxtəlif ixtisaslara olan tələbat Təhsil Nazirliyi tərəfindən mütəmadi araşdırılır və Nazirlər Kabineti tərəfindən pedaqoji kadr hazırlığını həyata keçirən təhsil müəssisələrinə qəbul planları tənzimlənir. Bununla da gələcəkdə daha çox tələbatın olması proqnozlaşdırılan ixtisaslar üzrə pedaqoji kadrların hazırlanması prosesi tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.04.2010-cu il tarixli 67 nömrəli Qərarına əsasən, pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlər nəzərdə tutulub.

Hazırda işləyən müəllimlər hesabına müxtəlif ixtisaslara olan tələbatın ödənilməsi mümkünlüyünə gəldikdə, İ.Nağıyev deyib ki, əlavə təhsil fəaliyyətinin ən mühüm istiqamətlərindən biri də yenidənhazırlanma təhsilidir. Hazırda müxtəlif ali təhsil müəssisələrində istər pedaqoji, istərsə də qeyri-pedaqoji ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilir. Bu zaman yenidənhazırlanma təhsilinə müraciət edənlərin ilkin baza ixtisasları ilə yenidən hazırlanmaq istədikləri ixtisaslar arasındakı uyğunluq tələbi nəzərə alınır.

 

Trend.az