Azərbaycanda müəllif hüquqlarının qorunmasına nəzarət mexanizmi gücləndiriləcək
Azərbaycanda internetdə və rəqəmsal şəbəkələrdə müəllif hüquqlarının pozulması ilə bağlı böyük bir layihə həyata keçirilir. Faktiki olaraq elə bir sistem yaradılır ki, internetdə bu hüquqların həyata keçirilməsinə nəzarət olsun. Bu barədə Trend-ə açıqlamasında Müəllif Hüquqları Agentliyinin direktoru Kamran İmanov bildirib.
Agentliyin direktorunun sözlərinə görə, bu çox müərkkəb sistemdir və çox böyük texniki nailiyyətlərə əsaslanır. Bununla əlaqədar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi dekabrın 25-də geniş seminar təşkil edəcək. Müəllif Hüquqları Agentliyi Mətbuat Şurası ilə birgə kütləvi informasiya vasitələrində müəllif hüquqlarının qorunmasına həsr olunmuş xüsusi tədbir təşkil edəcək:
“Çünki Azərbaycanda müəllif hüquqları daha çox məhz kütləvi informasiya vasitələri tərəfindən və internetdə pozulur. Bəzi kütləvi informasiya vasitələrinin nümayəndələri həmkarlarının müəllif hüquqlarını pozaraq onlara məxsus informasiyaları “özəlləşdirib” adlarına çıxırlar. Son zamanlar belə hallara daha çox rast gəlinir. Səbəb ondan ibarətdir ki, çox vaxt bir jurnalist digər jurnalistin məlumatına müəlliflik hüququ olmayan xəbər kimi baxır. Halbuki bunun əsasında o jurnalistin günlərlə əziyyəti, mövzunu fikirləşməsi, onunla bağlı müxtəlif mənbələrdən bəzən günlərlə o məlumatları toplaması, ərsəyə gətirməsi durur. Bu artıq onun əsəridir. Məhz bunu anlamayanlar onun hüquqlarını pozurlar”.
K.İmanovun fikrincə, müəllif hüququnun pozulması səbəbi qanunlarla və ya onların sərtliyi ilə deyil, insanların digərlərinin yaradıcılığına, əqli mülkiyyətinə hörmətlə yanaşmaması ilə bağlıdır. Bununla yanaşı, o Azərbaycanda müəllif hüquqlarının qorunması ilə bağlı qanunvericiliyin sərtləşdiriləcəyini də istisna etməyib:
“Bizim əsas məqsədimiz əqli mülkiyyət mədəniyyətinin formalaşdırılmasıdır. Rəqəmsal şəbəkələrdə, internetdə müəllif hüquqları o dərəcə pozulur ki, bu məsələ artıq bütün dünyanı narahat edir. Amma bu o demək deyil ki, bu istiqamətdə qanunlar sərtləşməməlidir. Çünki istər-istəməz informasiya texnologiyaları günbəgün həyatımıza daha çox nüfuz edir. Həyat elədir ki, sürətlə irəli gedir. Qanunlar da onunla ayaqlaşmalıdır. Ona görə də hər dəfə qanunlara əlavə və dəyşikliklər etmək tamamilə məntiqə uyğundur. Biz artıq bununla bağlı təkliflərimizi vermişik”.